Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşları siyahıya alınır

Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşları siyahıya alınır

Bakı. TurkicWorld:

Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşları siyahıya alınır.

TurkicWorld-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, 24 saat fəaliyyət göstərən və əməkdaşlar tərəfindən cavablandırılan qaynar xətlərə daxil olmuş vətəndaş müraciətlərinə və əldə edilmiş məlumatlara əsasən, Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərində (Kahramanmaraş, Hatay, Adana, Malatya, Qaziantep, Adıyaman, Şanlıurfa, Kilis, Osmaniye, Diyarbakır, Elazığ və Mərsin) məskunlaşan və ya müvəqqəti burada olan Azərbaycan vətəndaşları siyahıya alınır.

"Azərbaycana təxliyyə edilmək arzusunda olan vətəndaşların bu məqsədlə ayrılmış avtobuslara yerləşdirilməsi təmin edilir. Əlverişsiz hava şərati ilə bağlı məhdudiyyətlərin təxliyyə prosesinə maneə yaratmaması üçün Türkiyə dövlət qurumları ilə bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində danışıqlar aparılır",- deyə bildirilib

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.