NATO zəlzələdən əziyyət çəkmiş Türkiyəyə yardım göndərəcək

NATO zəlzələdən əziyyət çəkmiş Türkiyəyə yardım göndərəcək

Bakı. TurkicWorld:

NATO Türkiyəyə dağıdıcı zəlzələ ilə əlaqədar olaraq köməklik göstərməyə hazırdır.

TurkicWorld xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq öz Tvitter səhifəsində paylaşım edib.

"Müttəfiqimiz Türkiyə ilə bu dəhşətli zəlzələnin nəticələri ilə əlaqədar olaraq tam həmrəylimizi ifadə edirik. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə davamlı əlaqə saxlayıram və ittifaqın üzvləri hazırda müttəfiqimizə köməklik göstərilməsi üzrə tədbirlər görməkdədir", - o deyib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 014 nəfər həyatını itirib, 7 003 nəfər yaralanıb, 2 824 bina dağılıb.