Azərbaycan-Macarıstan əlaqələri yeni hədəflərə doğru

Azərbaycan-Macarıstan əlaqələri yeni hədəflərə doğru

Bakı. TurkicWorld

Azərbaycan Türk və Ərəb ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlərlə də həm siyasi, həm də iqtisadi sahədə sıx əlaqələr qurmağı bacarıb. Bu baxımdan, Azərbaycan-Macarıstan əlaqələri xüsusi diqqət çəkir.

Hazırda Bakı ilə Budapeşt arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir.

Əvvəlcə iki ölkə arasında siyasi əlaqələrin inkişaf dinamikasına nəzər yetirək:

- Azərbaycan-Macarıstan diplomatik əlaqələri 1992-ci ildə qurulub;

- 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub;

- Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir;

- İndiyədək iki ölkə arasında 50 sənəd imzalanıb;

- Ölkələr BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı əmədaşlıq edir.

Təbii ki, Azərbaycanla Macarıstan arasında siyasi əlaqələrin sistemli inkişafı iqtisadi münasibətlərin də möhkəmlənməsinə gətirib çıxarır. Bu inkişafı ölkələr arasında ilbəil artan ticarət dövrüyyəsində də hiss etmək olur. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır.

Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin inkişafına nəzər salaq:

- Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər;

- Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb;

- İki ölkə arasında ticarət dövrüyyəsi da ilbəil artır. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir;

- Rəsmi Budapeşt Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir. Macarıstanın enerji sahəsindəki əsas hədəflərindən biri CQD-yə qoşulmaqdır. Macarıstan tərəfi CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur;

- 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb;

- İki ölkə arasında logistika sahəsində də inkişaf müşahidə olunur. Macarıstanın "Wizz Air" şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviauçuşlar həyata keçirir.

- Ötən il dekabrın 17-də Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş imzalanıb. Saziş bu ölkələr arasında "yaşıl enerji"nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi (Qara Dəniz Sualtı Elektrik Enerjisi Xətti) layihəsinin reallaşdırılmasını nəzərdə tutur.

Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bütün dövrlərdə əməldə sübut edən rəsmi Budapeşt işğaldan azad olunmuş Qarabağ torpaqlarında aparılan bərpa-quruculuq işlərində yaxından iştirak edir. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib.

Göründüyü kimi, Azərbaycan-Macarıstan ticari əlaqələrinin daha da inkişaf etdirilməsi üçün sistemli iş aparılır. Bu məqsədlə hər iki ölkə siyasi və iqtisadi münasibətlərlə yanaşı, enerji, nəqliyyat və logistika sahəsində də əməkdaşlığa böyük önəm verir.

Xüsusilə qeyd etmək lazımdır ki, Avropa dövləti Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda təmsil olunur. Bu isə iki ölkənin vahid hədəflərinin və ortaq maraqlarının olduğunun göstəricisidir.

Macarıstanın həm Avropa İttifaqının üzvlüyü, həm də Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunması əlaqələrin inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malikdir. Bu ölkələrin beynəlxalq aləmdə bir-birinin maraqlarını dəstəkləməsi baxımından da önəmlidir.

Həmçinin Bakı ilə əməkdaşlıq Budapeşt üçün Avropada yaşanan qaz böhranı fonunda çox faydalıdır.

Ona görə də Prezident İlham Əliyevin Macarıstana dördüncü səfəri Bakı-Budapeşt əlaqələrində yeni mərhələnin başlanğıcı hesab olunur.

Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıblar.

Həmçinin Prezidentin səfəri çərçivəsində Azərbaycanla Macarıstan arasında müxtəlif sahələrdə imzalanan sənədlər də qarşılıqlı əlaqələrin inkişafının göstəricisidir.

İmzalanan sənədlər sırasına miqrasiya, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlər, bitki karantini və bitki mühafizəsi, təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumlar var.

Bundan başqa, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol", Şuşa və Macarıstanın Vesprem şəhəri arasında Anlaşma Memorandumu imzalanıb.

Xüsusilə vurğulanmalıdır ki, genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər.

Həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ali səviyyədə müzakirə olunan mövzular arasındadır. Çünki 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır.

Göründüyü kimi, Azərbaycan-Macarıstan əlaqələri etibarlı tərəfdaşlıq əlaqələrinə, mehriban dostluq münasibətlərinə söykənir. Prezidentin bu səfərinin iki ölkə arasında əməkdaşlığa böyük töhfə verəcəyini, dostluq münasibətlərimizi daha da möhkəmləndirəcəyini əminliklə deyə bilərik.