Azərbaycanın İrandakı səfirliyindəki terror aktında təqsiri olanlar dərhal cəzalandırılmalıdır - Xarici ekspertlər

Azərbaycanın İrandakı səfirliyindəki terror aktında təqsiri olanlar dərhal cəzalandırılmalıdır - Xarici ekspertlər

Bakı. TurkicWorld

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı dünya ictimaiyyəti tərəfindən kəskin pisləndi. Silahlı hücum nəticəsində səfirliyin bir əməkdaşı həlak oldu, iki nəfər yaralandı. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə olub və xarici KİV-in bildirdiyinə görə, onun İranın xüsusi mühafizə orqanları ilə, ilk növbədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) əlaqəsi olduğuna dair şübhələr var.

Səfirliyin mühafizəçisi hücumun qarşısını almasa idi, bütün səfirlik əməkdaşlarını qətlə yetirmək planlaşdırılmışdı. İran polisi terror aktının qarşısını almaq üçün heç bir cəhd göstərmədi, hazırda da heç bir operativ tədbir görülməməkdədir. Bu, İranda xarici ölkə səfirliklərinə ilk hücum deyil. Buna qədər də səfirlik, konsulluq, beynəlxalq nümayəndəlik və əcnəbi vətəndaşlara hücum faktları olub. Baş verənlər gələcəkdə də bu cür insidentlərin qarşısının alınması üçün beynəlxalq ictimaiyyət tərəfindən operativ tədbirlər görülməsini tələb edir.

Ötən gün Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun jurnalistlərə dediyi kimi, Azərbaycanın Tehrandakı səfirliyindəki terror hücumuna görə məsuliyyəti İran daşıyır.

"Vyana Konvensiyasının müvafiq maddələrinə əsasən, ev sahibi ölkə səfirliyin təhlükəsizliyinə görə məsuliyyət daşıyır. İran dövlət olaraq terror aktına və onun ağır nəticələrinə görə məsuliyyət daşıyır. Biz dəfələrlə İran ərazisində Azərbaycan Respublikasının nümayəndəlikləri üçün təhlükə olduğunu İran tərəfin nəzərinə çatdırmışıq. Biz İrandan təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb etmişik. Baş verən insident İranın buna məsuliyyətsiz yanaşdığını və nəticədə bu terror aktının törədildiyini göstərir", - nazir müavini əlavə edib.

Xələfovun dediyinə görə, Azərbaycan Tehrandakı səfirliyə qarşı terror aktının araşdırılması üçün müvafiq beynəlxalq mexanizmləri işə salmaq niyyətindədir.

Baş verənlərin ən qısa zamanda araşdırılmasının vacibliyindən danışan amerikalı analitik İrina Tsukermanın Trend-ə bildirdib ki, bu, diplomatik müdaxilə tələb edən məsələdir.

"2016-cı ildə Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücum olanda bir sıra ölkələr İranla diplomatik əlaqələrini kəsdi, bəziləri bugünədək bu əlaqələri rəsmi şəkildə bərpa etməyib. Bunun səbəbi təkcə təhlükəsizliyin lazımınca təmin olunmaması deyil, həm də təşkil edilən hücumlarda İran hakimiyyətinin nümayəndələrinin də iştirak etməsi idi. İranda dövlət nəzarəti çox güclüdür, buna görə də, bu cür hadisənin hökumət orqanlarının xəbəri və razılığı, hətta planlaşdırılmış iştirakı olmadan baş verməsi sadəcə mümkünsüzdür. Düşünürəm ki, İran hakimiyyəti tərəfindən Azərbaycana qarşı açıq-aydın artmaqda olan ədavəti, həmçinin gərginliyi artırmaqdan başqa bir işə yaramayan digər təxribatları nəzərə alaraq, Tehrana siyasi mesaj göndərmək məqsədilə səfirliyi müəyyən müddətə təxliyə edərək diplomatik əlaqələri azaltmaq düzgün olardı", - İ.Tsukerman deyib.

O həmçinin, təqsirkarların cəzasız qalacağı təqdirdə təkrarlana biləcək bu insidentə görə məsuliyyət tələb etmək üçün bütün səylərin göstərilməli olduğunu qeyd edib.

"Xatırladaq ki, Bakının Londondakı səfirliyinə ekstremist qruplaşma tərəfindən hücum olunduqda da onların İranla əlaqəli olduğu haqda şaiyələr dolaşırdı. Bu doğrudursa, deməli bu, tək bir insident deyil, xüsusi narahatlıq doğuran sistemli terror aktlarıdır. Belə ki, İran həmçinin digər ölkələrdə keçmiş rəsmi şəxslərə və tənqidçilərə qarşı hücumların təşkilində təqsirləndirilir", - analitik əlavə edib.

Amerikalı ekspert, Avropa və Amerikada universitet və korporasiyaların beynəlxalq məsələlər və ictimai diplomatiya üzrə strateji məsləhətçisi Piter Teys də öz növbəsində Trend-ə bildirib ki, Azərbaycan səfirliyinə terror hücumu qətiyyətlə pislənməli, həmçinin Aİ və ABŞ tərəfindən Tehranın siyasi elitasına qarşı iqtisadi sanksiyalar tətbiq edilməlidir.

"İran İslam Respublikası daim Ermənistanın terrorçu rejimini silahla və pilotsuz uçuş aparatları ilə dəstəkləyib. Tehran Azərbaycanın suveren ərazilərində erməni silahlı hücumlarının əsas sponsorudur. Bu yolverilməz hərəkətlərə baxmayaraq, beynəlxalq ictimaiyyət, o cümlədən BMT və ATƏT İranın terrorçu rejiminin Cənubi Qafqazda və Avrasiyada bu mənfur və düşmən hərəkətlərini pisləmədi. Faktdır ki, İran artıq təkcə regional iştirakçı deyil, bundan başqa onun teokratik hakimiyyəti Atlantik okeanın hər iki tərəfində terror əməliyyatları təhlükəsi və mənbəyidir. Azərbaycanın Tehrandakı səfirliyinə olunan hücum terror aktıdır, bu dəhşətli akt qətiyyətlə pislənməli, Aİ və ABŞ isə Tehranın siyasi elitasına qarşı iqtisadi sanksiyalar tətbiq etməlidir", - o deyib.

P.Teys İranın 30 ildən artıq müddətdir terrorçu əməliyyatlarını maliyyələşdirdiyini və birbaşa "Hizbullah"a və digər terrorçu təşkilatlara, həmçinin onların siyasi məqsədlərinə xidmət edən maliyyə dəstəyi göstərdiyini xatırladıb.

"Azərbaycan səfirliyinə bu hücum ABŞ Dövlət Departamenti tərəfindən Hizbullah"la və yaxın Şərqdəki digər cinayətkar təşkilatlarla dərin və möhkəm əlaqələrinə görə Paraqvayın vitse-prezidenti Hüqo Adalberto Velaskes Morenoya qarşı "ciddi tədbirlər və maliyyə sanksiyaları elan edildikdən yalnız bir neçə saat sonra baş verdi. ABŞ Maliyyə Nazirliyi tərəfindən İranı və onun regiondakı terrorçu müttəfiqlərini birbaşa dəstəkləyən Orasio Manuel Kartes Xara (Paraqvayın sabiq prezidenti, 2013-2018-ci illərdə hakimiyyətdə olub) qarşı çirkli pulların yuyulması ilə bağlı fəaliyyətinə görə ciddi sanksiyalar tətbiq olunub. Bu miqyaslı tədbirlər amansız Tehran rejiminə qarşı da davam etdirilməlidir", - amerikalı ekspert deyib.

O, 2022-ci ilin sentyabrında Albaniyanın Tirana şəhərində İran səfirliyin bağlanması haqqında əmrin İranın mənfi təsirini azaltmağa və molla rejiminin Cənubi Qafqazda öz terrorçu fəaliyyətini genişləndirməsinin qarşısını almağa yönəlmiş daha bir vacib addım olduğunu qeyd edib.

"Azərbaycan səfirliyinə hücum qətiyyətlə pislənməlli və kəskin tədbirlər görülməlidir", - Piter Teys deyib.

ATƏT-in amerikalı keçmiş həmsədri Riçard Hoqland Azərbaycanın İrandakı səfirliyinin həlak olmuş mühafizə xidmətinin rəisi Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

"Təəssüflər olsun ki, dünyanın istənilən nöqtəsində səfirliyə qarşı terror aktları törədilə bilər, buna görə də səfirlikdə mühafizə işi son dərəcə təhlükəlidir. Hazırlıq və profilaktika ən yaxşı müdafiədir. Lakin yaşadığımız dünyanın acı reallığı odur ki, terrorçular öz fəaliyyətlərini davam etdirir", - o deyib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Trend-ə bildirib ki, terror aktının arxasında İran hökuməti dayanırsa, bu iki ölkə arasında ciddi diplomatik böhran deməkdir.

"Hazırda İran hakimiyyətinin bu hücumla əlaqəsini qiymətləndirmək üçün yetərincə məlumat yoxdur. Lakin bu belədirsə, Azərbaycan və İranın ciddi diplomatik böhrana girdiyindən xəbər verir. Qatil İran hakimiyyətindən xəbərsiz olaraq tək hərəkət edibsə, vəziyyət tam fərqli olar", - o açıqlayıb.

Hazırda terror aktı araşdırılmaqdadır. Lakin İran tərəf diplomatik missiyaya silahlı hücumun motivlərinə dair saxta versiyalar yayır və bu versiyaların Tehran polisi və digər məsul şəxslər tərəfindən təkrarlanması bir çox suallar doğurur. Tehran polisi öz bəyanatında terrorçunun səfirliyə iki uşaqla gəldiyini və guya səfirlikdə gizlənən həyat yoldaşını axtardığını bildirib. Lakin hücum anını əks etdirən kadrlar İran tərəfinin bəyanatının tamamilə yalan olduğunu sübut edir. Qatil səfirliyə İran tərəfin iddia etdiyi kimi uşaqla deyil, tək gəlib və səfirliyin bütün əməkdaşlarını öldürmək niyyətində olub.

Azərbaycan səfirliyinə hücum İranın uzun müddətdir aparmaqda olduğu anti-Azərbaycan isteriyasının və eskalasiya siyasətinin davamını əks etdirir. Açıq-aşkardır ki, bütün bu təxribatlar İran hakimiyyəti və xüsusi mühafizə orqanlarının göstərişindən başqa bir şey deyil. İran tərəfin bəyanatı yalandır və İranın xüsusi mühafizə orqanları ilə əlaqəli terrorçudan diqqəti yayındırmağa yönəlib.