Avropa İttifaqı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib

Avropa İttifaqı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.

Trend-in məlumatına görə, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano tvitter hesabında qeyd edib.

"Aİ Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Azərbaycan XİN-ə və Azərbaycan xalqına başsağlığı verir. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Biz qəlbən həlak olan şəxsin ailəsinin yanındayıq. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Ətraflı istintaq aparılacağına və günahkarların məsuliyyətə cəlb olunacağına ümid edirik", - deyə o bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.