Azərbaycanın İrandakı səfirliyinə hücumda təqsiri olanların layiqli cəza alacaqlarına ümid edirik - Rusiya səfirliyi

Azərbaycanın İrandakı səfirliyinə hücumda təqsiri olanların layiqli cəza alacaqlarına ümid edirik - Rusiya  səfirliyi

Bakı. TurkicWorld:

Azərbaycanın Tehrandakı səfirliyinə edilən və mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunun ölümü ilə nəticələnən silahlı hücum xəbərindən sarsıldıq.

TurkicWorld-in məlumatına görə, bu barədə Rusiyanın Bakıdakı səfirliyinin bəyanatında deyilir.

"Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Bu faciəvi hadisənin ən dəqiq şəkildə araşdırılacağına və təqsirkarların layiqli cəza alacaqlarına ümid edirik", - diplomatik missiya bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda terror aktının istintaqı aparılır.