Quranın yandırılmasının söz azadlığı ilə heç bir əlaqəsi yoxdur - Mövlud Çavuşoğlu

Quranın yandırılmasının söz azadlığı ilə heç bir əlaqəsi yoxdur - Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç hakimiyyətinin Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında Qurani-Kərimin nüsxəsinin yandırılması ilə bağlı təxribata icazə vermək qərarını kəskin şəkildə pisləyib.

Trend-in məlumatına görə, M.Çavuşoğlu bildirib ki, İsveçdə hər hansı başqa kitabın yandırılmasına və ya başqa dinə hücumlara icazə verilmir, ancaq Qurana gələn kimi dərhal vətəndaşların müəyyən hüquq və azadlıqlarına istinad edirlər.

Nazir vurğulayıb ki, heç kimin "söz azadlığının təzahürü" ilə İslam əleyhinə təxribata haqq qazandırmağa haqqı yoxdur.

Nazir xatırladıb ki, anti-islam təxribatına icazə verilməsinə cavab olaraq Skandinaviya ölkəsinin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və Türkiyənin Stokholmdakı səfiri Yonet Can Tezel bu ölkənin xarici işlər naziri Tobias Bilström ilə birbaşa əlaqə saxlayıb:

"Bu, İslam əleyhinə alçaq bir aksiyadır. Nifrətin, ksenofobiyanın və irqçiliyin təzahürünün söz azadlığı ilə heç bir əlaqəsi yoxdur! Ümid edirəm ki, İsveç hakimiyyəti aksiya başlamazdan əvvəl lazımi addımları atacaq. Əks halda, aksiya bütün dünyada kəskin mənfi rezonans doğuracaq".