Avropa Parlamentində bəzi deputatlar öz vəzifələrini unudub, Ermənistanın maraqları üçün lobbiçilik edirlər - Sevil Mikayılova

Avropa Parlamentində bəzi deputatlar öz vəzifələrini unudub, Ermənistanın maraqları üçün lobbiçilik edirlər - Sevil Mikayılova

Bakı. Trend:

Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamənin qəbulu bir sıra qəribəliklərlə müşayiət olunub.

Bu barədə cümə günü Trend-ə Milli Məclisinin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, yanvarın 19-da Avropa Parlamenti Bakıya qarşı təxribat xarakterli və əsassız çağırışların yer aldığı anti-Azərbaycan qətnaməsini qəbul edib.

"Qətnamə birtərəflidir və tamamilə erməni tərəfinin saxtakarlığı üzərində qurulub. Sənəddə, xüsusilə, "Laçın yolunun blokadası" və guya ki bunun nəticəsində yaranmış "humanitar fəlakət"dən bəhs edilir. Bu, Avropa parlamentində Azərbaycana qarşı qəbul edilən ilk belə qətnamə deyil, onun qərəzli məzmunundan geniş danışmaq olar. Məlumdur ki, istənilən sənəd əksəriyyət səs verdikdə qəbul edilmiş sayılır. Bu sənədə səsvermə prosesində Avropa Parlamentinin 705 deputatından 400-ə yaxını iştirak edib. Əgər nəzərə alsaq ki, onların bir hissəsi sənədin "əleyhinə" səs verib, bu qətnamə bütün Avropa Parlamentinin fikrini necə əks etdirə bilər?! Diqqət çəkən əsas məqam odur ki, həmin gün səsvermə prosesində təkcə anti-Azərbaycan qətnaməsi elektron deyil, sadəcə əl qaldıraraq səsə qoyulub" - deyə Sevil Mikayılova bildirib.

Sevil Mikayılova qeyd edib ki, Avropa Parlamentinin Avropa Xalq Partiyasını təmsil edən ən böyük fraksiyasının qətnaməyə səsvermədə iştirak etməməsi ermənipərəst qüvvələrin siyasi oyunbazlığına zərbə olub.

"Təssüfki, bəzi avropalı deputatlar erməni lobbisinin təsiri altındadır. Avropa Parlamentində anti-Azərbaycan qruplarının olması onu deməyə əsas verir ki, bəzi deputatlar öz vəzifələrini unudub, Ermənistanın maraqları üçün lobbiçilik edirlər. Avropa Parlamentinin rəhbərliyi belə deputatların bu cür avantürist təkliflərinə son dərəcə diqqətli olmalıdır.

Məsələn, bu yaxınlarda, keçən ilin dekabrında bir vaxtlar Azərbaycanı Ermənistana təcavüzdə ittiham edən Avropa Parlamentinin vitse-prezidenti Eva Kayli Belçika polisi tərəfindən korrupsiya sövdələşməsində şübhəli bilinərək həbs edilib. Bundan əvvəl də o, Avropa Parlamentində erməni lobbisinin maraqlarına xidmət etməkdə idi. Bir daha Avropa Parlamentində Azərbaycanla bağlı son qətnamənin məzmununa qayıdaraq qeyd etmək istərdim ki, bu cür qətnamələrin heç bir siyasi çəkisi yoxdur, lakin yalnız Aİ ilə Azərbaycan arasında münasibətlərə xələl gətirir", - deyə Sevil Mikayılova bildirib.