Fransa Korsika separatçılarını həbs edir, erməni separatçılarına isə qucaq açır - Sevil Mikayılova

Fransa Korsika separatçılarını həbs edir, erməni separatçılarına isə qucaq açır - Sevil Mikayılova

Bakı, Dekabr 19. /TurkicWorld/

İllərdir demokratik dəyərləri özünəməxsus şəkildə təbliğ edərək, əslində ikili standartlar siyasətindən çox mahircəsinə yararlanan Fransa Korsika milli hərəkatının səsini boğmaq üçün bütün üsul və alətləri işə salıb. “Antiterror əməliyyatları” adı ilə kodlaşdırılan repressiyalar Azərbaycanın Qarabağ bölgəsində separatçı rejimə rəhbərlik edən Araik Arutunyanı canıyananlıqla qonaqladıqları səfərlə paralel aparılır. Maraqlıdır, Korsikada separatizm və terrorizm adlandırdıqları bir şeydir, Qarabağdakı ayrı şey? 20 minə yaxın Qarabağ ermənisi Fransanın diqqət mərkəzində olduğu halda, 400 min korsikalının azadlıq arzusu Paris tərəfindən niyə boğulur? Fransa hökuməti separatizm və terrorizmi bölgələr üzrə təsnif edir?

Dekabrın 5-də Korsika bölgəsinə azadlıq tələb edən “Azad Korsika” partiyasının 9 üzvü həbs olunaraq dərhal Parisə aparılıb və polis nəzarətində 96 saat saxlanılıb.

Onların hamısı mütəşəkkil cinayətdə iştirakçılıqda təqsirləndirilsə də, 6-sı sərbəst buraxılıb. Lakin hərəkatın əsas iderlərindən olan, Korsika Milli Azadlıq Cəbhəsinin 72 yaşlı keçmiş lideri Şarl Pyeri haqqında həbs qətimkan tədbiri seçilib. O, terror təşkilatı ilə cinayət əlaqəsində və qanunsuz silah saxlamaqda ittiham olunur. Partiya üzvləri həbslərin siyasi motiv daşıdığını və ittihamların haqsız və həqiqətdən uzaq olduğunu israr edir. Bu əməliyyatın ümumən Korsika əhalisinin onilliklər boyu apardığı mübarizəsini boğmaq üçün Paris tərəfindən həyata keçirilən növbəti repressya əməliyyatı olduğunu söyləyirlər. Məsələyə siyasi qiymət verməkdən hələ ki uzağıq, lakin biz illərdir davam edən bu mücadiləni Fransanın daxili problemi hesab etdiyimiz halda, Fransa Azərbaycan daxilində separatizmə dəstək verməkdə davam edir. Belə olan halda bu ölkəmizin daxili işinə müdaxilə deyilmi?

Maraqlıdır ki, Avropanın mərkəzində insan haqları kimi tezisi bütün dövlətlərə qarşı “uğurla” tətbiq edən Avropa təsisatları məsələ ilə bağlı susur, siyasi motiv daşıyan həbslərlə bağlı bir kəlmə belə danışmırlar. “Xəstəlikdən əziyyət çəkən və ölüm təhlükəsi ilə üz-üzə qalan Şarl Pyerinin həbsi dövlətin siyasi fəala qərəzli münasibətidir, onun saxlanma şəraiti isə hiddət doğurur”, - deyə onun həkimi bildirib. Bu münasibət paradoks yaratmırmı?

İllərdir korsikalılar Parisin onları etnos olaraq yox etmək üçün apardığı məqsədyönlü strategiyaya qarşı mübarizə aparır. Bu insanlar öz dillərində təhsil almaq, milli mədəniyyətlərini inkişaf etdirmək hüququndan məhrum ediliblər. Siyasi fəallara qarşı aqressiv repressiyalar isə milli identikliyi unutdurmaq üçün artıq dövlət siyasətinin bir istiqaməti kimi cıxış edır. Hamıya milli azlıqların hüquqları haqqında dərs verən Fransa özü niyə separatizmi boğmaqda heç bir qanun tanımır? Bir ovuc erməninin haqsız arzusunu BMT-də səsləndirmək üçün dəridən-qabıqdan çıxan Fransa Korsika əhalisinin çoxəsrlik ağrılı mübarizəsini boğmaq üçün qınanmır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyü statusu Fransaya elə bir avantaj qazandırıb ki, bu mötəbər təşkilatda məhv edilən Korsika əhalisinin səsi belə eşidilmir. Ən azı BMT tərəflərə haqlı ya haqsızın kim olduğunu söyləməlidir. Ayrı-ayrı dövlətlərə xalqların öz müqəddəratını təyin etmək hüququnun tanınmasının zəruruliyini şərt kimi irəli sürən Fransa nə üçünsə öz hüdüdlarında bu hüququ heç qapıdan içəri qoymur. Milli azadlıq uğrunda mübarizə aparan Azad Korsika partiyası cinayətkar dəstə, üzvləri isə terrorçu sayılır. Belə olan halda radikal separatçı Araik Arutunyan və onun kriminal dəstəsinin Fransa siyasi dairələri tərəfindən açıq şəkildə dəstəklənməsi Korsika ictimaiyyətinə necə təqdim olunur? Müstəmləkəçilik, ultra-repressiv və dağıdıcı siyasətin acı nəticələrini əsrlərdir yaşayan Korsika əhalisi Parisin “ədalətli mövqeyini” hamıdan yaxşı anlayır. Biz yenə də bunu Fransanın daxili işi hesab edirik, lakin beynəlxalq təsisatlar, xüsusulə, ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosu məsələni diqqətdə saxlamalıdır və vəziyyəti araşdırmalıdır. AŞPA isə bu coğrafiyada selektiv yanaşma siyasətindən uzaqlaşaraq obyektiv və qərəzsiz dəyərləndirmə aparmaq üçün öz missiyasını bölgəyə ezam etməlidir.

Dünyanın siyasi düzəni dəyişir, Fransanın dəyişməyən siyasi baxışları isə olan-qalan nüfuzunu da silib apara bilər. Odur ki, rəsmi Paris destruktiv siyasətini bir kənara qoyaraq, yeni reallıqları qəbul etməli və müasir dəyərlər sistemində öz yerini müəyyənləşdirməlidir.

Sevil Mikayılova
Milli Məclisin deputatı