Prezident İlham Əliyev: Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur

Prezident İlham Əliyev: Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur

Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bizim qaz ehtiyatlarımız çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Yəni, bu layihə - Cənub Qaz Dəhlizi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan bu hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Yəni, bu, onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük.

Eyni zamanda, biz Sizinlə bu gün Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyimiz töhfə haqqında da danışdıq. Bu məsələ ilə bağlı bizim fikirlərimiz var. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər və biz buna hazırıq. Bu gün bu məsələni və energetika sahəsi ilə bağlı olan digər məsələləri bundan sonra da müzakirə edəcəyik".