Prezident İlham Əliyev: Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir

Prezident İlham Əliyev: Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir

Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Mən Sizin fikrinizə qoşuluram ki, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir. Çünki müzakirə ediləsi məsələlər çoxdur. Biz bu gün Sizinlə qaz sahəsində əməkdaşlıq barədə danışdıq, həm əldə edilmiş nailiyyətlər, həm də görüləcək işlər haqqında fikir mübadiləsi apardıq. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri. Bilirəm ki, bütün bu sahələr Sizin ölkəniz üçün də və bizim üçün də prioritet təşkil edir. Ona görə, əminəm ki, biz bu istiqamətlər üzrə inamla addımlayacağıq.

O ki qaldı, qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir".