Prezident İlham Əliyev: Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi, çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz

Prezident İlham Əliyev: Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi, çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz

Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Beynəlxalq qurumların nümayəndələrinin, bu məsələ ilə məşğul olan ölkələrin vəzifəli şəxslərinin çıxışlarına baxmaq kifayətdir. Onlar neçə dəfə demişdilər ki, bu müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni, birincisi, bizi inandırmağa çalışırdılar. İkincisi, bizi məsələni hərbi yolla həll etməkdən çəkindirməyə çalışırdılar. Biz də təbii ki, çalışırdıq bu məsələ sülh yolu ilə həll olunsun, ancaq həll olunsun. Amma biz görürdük ki, sadəcə olaraq, danışıqlar taktikası məsələnin dondurulmasına aparır və əlbəttə ki, bununla heç vaxt razı ola bilməzdik".