Prezident İlham Əliyev Soçidə Azərbaycanın qəti mövqeyini növbəti dəfə bildirdi - Sevil Mikayılova

Prezident İlham Əliyev Soçidə Azərbaycanın qəti mövqeyini növbəti dəfə bildirdi - Sevil Mikayılova

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair Soçidə keçirilən üçtərəfli görüşün nəticələri sülh prosesinin ruhunu və istiqamətini bir daha sərgilədi.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova qeyd edib ki, Soçi görüşünün nəticələri Azərbaycan diplomatiyasının növbəti uğurudur və danışıqlar prosesinin məhz Azərbaycanın müəyyənləşdirdiyi sülh gündəliyi üzrə getdiyini göstərir.

"Prezident İlham Əliyev Azərbaycanın qəti mövqeyini üçtərəfli görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinin diqqətinə çatdırararaq Qarabağ münaqişəsinin bitdiyini bir daha bəyan etdi:

"Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub. Ona görə də bu kontekstdə praktiki olaraq müzakirə ediləsi heç bir məsələ qalmayıb".

Beləliklə, Prezident İlham Əliyev Rusiya Presidenti Vladimir Putinin “münaqişənin həlli vaxtıdır” fikrinə qəti və tutarlı cavabı ilə “Soçi planı”nın üstündən xətt çəkdi", - deputat vurğulayıb.

S.Mikayılova əlavə edib ki, hər zaman özünə müxtəlif siyasi dairələrdə dəstək axtaran Ermənistan və onun baş naziri Nikol Paşinyan Soçi görüşündə yeni reallıqlar qarşısında növbəti dəfə mat vəziyyətdə qaldı. Bəyanatda Qarabağ ifadəsinin işlədilməməsi isə Azərbaycan tərəfinin qəti mövqeyinin təzahürü oldu", - deyə deputat qeyd edib.

S.Mikayılova bildirib ki, Ermənistan siyasi rəhbərliyi bütün görüşlərdə hansısa imtiyaz, kömək, dəstək almağa çalışır. Soçi görüşünün də bu baxımdan səciyyəvi olacağı təxmin olunan idi.

"Praqa görüşü zamanı Ermənistan siyasi rəhbərliyi öz havadarlarının köməyinə baxmayaraq, istədiyinə çata bilmədi. Ermənistanın baş naziri Soçi görüşünə də böyük ümidlər bəsləyirdi, lakin Ermənistan tərəfinin cəhdləri növbəti dəfə də nəticə vermədi.

"Münaqişə həll olunub, yeni reallıqlarda Azərbaycanın siyasi üstünlüyünü artıq beynəlxalq güc mərkəzi hesab edilən dövlətlər də qəbul edirlər. Ermənistan bundan nəticə çıxarmalı, müxtəlif dairələrdə dəstəkçi axtarmaq əvəzinə kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi və ən əsası sülh müqaviləsinin imzalanması istiqamətində praktik addımlar atmaq barədə düşünməlidir.

Bölgədə dayanıqlı sülhün yaradılması üçün normallaşma prosesinin irəliyə aparılması çox vacibdir. Soçi bəyanatında da Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün fəal hazırlıq işinin vacibliyi vurğulanır. Ermənistanın bu reallığı nəhayət ki, dərk edərək uyğun davranış sərgiləməsi baxımından Soçi görüşünün əhəmiyyətli olacağını zənn etmək olar”, - deyə S.Mikayılova əlavə edib.