Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın media sahəsinə diqqət və qayğısı medianın inkişafına şərait yaratdı - Sevil Mikayılova

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın media sahəsinə diqqət və qayğısı medianın inkişafına şərait yaratdı - Sevil Mikayılova

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın media sahəsinə diqqət və qayğısı Azərbaycanda medianın inkişafına şərait yaratdı.

TurkicWorld-un məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Trend və DHA agentlikləri arasında yeni müqavilələrin imzalanması mərasimində çıxışı zamanı deyib.

S.Mikayılova bildirib ki, Azərbaycan və Türkiyə arasında son illər yeni əməkdaşlıq formatı yaranıb, bu əməkdaşlıq artıq strateji səviyyəyə yüksəlib.

"Ölkə rəhbərlərimizin sözləri ilə ifadə etsək, bu münasibətlər dünyada bənzəri olmayan dostluq, qardaşlıq münasibətləridir. Bu gün ikitərəfli əlaqələr imkan verir ki, Azərbaycan və Türkiyə arasında media əməkdaşlığı da sürətlə inkişaf etsin. Azərbaycan mediası son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın media sahəsinə diqqət və qayğısı Azərbaycanda medianın inkişafına şərait yaratdı. Bu gün Trend İnformasiya Agentliyinin həyata keçirdiyi layihələr, qazandığı uğurlar da Azərbaycan mediasının inkişafının göstəricilərindəndir", - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, Trend və DHA arasında imzalanan müqavilələr Türkiyə və Azərbaycanın media sahəsində əlaqələrinin daha da genişlənməsinə öz töhfəsini verəcək.

"Əminik ki, iki qardaş ölkənin media orqanları səylərini birləşdirərək daha da böyük uğurlara imza atacaq", - S.Mikayılova vurğulayıb.