Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır - Bolqarıstan Prezidenti

Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır - Bolqarıstan Prezidenti

Bakı. TurkicWorld:

Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır.

TurkicWorld xəbər verir ki, bunu Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev sentyabrın 30-da Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib.

Bolqarıstan dövlət başçısı bildirib:

"Biz bu səfəri bir imkan kimi dəyərləndiririk ki, biz Sizin qonaqpərvərliyinizə qarşılıq verə bilək. Biz ikitərəfli münasibətlərimizi müzakirə edəcəyik və müəyyən çağırışların öhdəsindən gəlmək üçün müəyyən imkanları nəzərdən keçirəcəyik. Biz Azərbaycanla sıx dostluq, qarşılıqlı hörmət münasibətlərinə malikik. Bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. Əminəm, bizim qarşılıqlı marağımız var ki, bütün sahələr üzrə praqmatik və səmərəli münasibətlərimizi inkişaf etdirək.

Sizin ölkəmizə səfəriniz böyük rəmzi mənaya malikdir. Çünki bu, bizim diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinə təsadüf edir. Bununla yanaşı, digər maraqlı və çox əlamətdar bir hadisəyə şahidlik edəcəyik. Biz Yunanıstan-Bolqarıstan qaz İnterkonnektorunun açılışını edəcəyik. Bu, həm bizim üçün, həm Avropa qitəsi üçün strateji əhəmiyyətə malik bir layihədir. Çünki bununla Avropanın enerji xəritəsini yenidən cızırıq. Biz artıq Azərbaycandan real olaraq təbii qaz alacağıq. Bu da təbii ki, bizim təminatı və təchizatı şaxələndirəcəkdir.

Biz enerji sahəsində əməkdaşlığımıza çox böyük əhəmiyyət və çox böyük önəm veririk. Amma, əlbəttə, biz görüşümüzdə təkcə enerji sahəsini deyil, digər strateji sahələri də müzakirə edəcəyik. İnnovasiya, yüksək texnologiyalar, ticarət, sərmayə qoyuluşu və təbii ki, mədəniyyət, elm sahələri də buraya daxildir. Bunlar da bizim əməkdaşlığımızın dərinləşməsinə xidmət edəcəkdir".