...

Ordumuz qazandığı parlaq qələbə ilə Azərbaycan tarixinin şanlı səhifəsini yazdı - Sevil Mikayılova

Siyasət Digər xəbərlər 27 Sentyabr 2022 12:23
TurkicWorld Daspina Hasanova
Ordumuz qazandığı parlaq qələbə ilə Azərbaycan tarixinin şanlı səhifəsini yazdı - Sevil Mikayılova

Bakı. TurkicWorld:

Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimiz 2020-ci il Vətən Müharibəsində qazandığı parlaq qələbə ilə Azərbaycan tarixinin şanlı səhifəsini yazdı.

Bunu TurkicWorld-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova xatırladıb ki, Prezident İlham Əliyev 27 sentyabr – Vətən Müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci il 2 dekabr tarixində Sərəncam imzalayıb. 27 Sentyabr – Anım Günü bütün şəhidlərimizə, müharibə iştirakçılarına və qazilərə ən böyük hörmət və ehtiramın göstəricisidir. Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını şərəflə yerinə yetirərək 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizi 44 gün ərzində düşməndən azad etdi.

"Prezident İlham Əliyevin komandanlıq etdiyi Azərbaycan Ordusu yüksək peşəkarlıq və döyüş taktikası nümayiş etdirərək əks-hücum əməliyyatları zamanı düşmən ordusunu darmadağın etdi. Silahlı Qüvvələrin müxtəlif növ qoşunlarının iştirakı ilə döyüş tapşırıqları yüksək dəqiqliklə yerinə yetirildi. Bu əməliyyatlar Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyətliliyini, hazırlıq səviyyəsini, ən əsası isə vətənpərvər ruhunu göstərdi. Azərbaycan əsgəri artıq qalib əsgərdir!", - deyə S.Mikayılova əlavə edib.

Millət vəkili qeyd edib ki, həm siyasi, həm də iqtisadi cəhətdən güclü olan Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün mövcud reallıqları nəzərə alaraq düzgün yol seçdi. Hərbi-siyasi yolla məsələnin çözülməsi dünya düzənində cərəyan edən proseslərə adekvat idi və diplomatik səylərin nəticə verməməsi ədalətin bərpa olunmasında güc amilinin istifadə olunmasını zərurətə çevirdi.

“Bizi uğura aparan yol güc, zaman və əminlik oldu. Dağlıq Qarabağ münaqişəsi artıq tarixin çevrilmiş səhifəsidir və dövlətimizin gücü və səyləri sayəsində biz bu ağır yükü çiynimizdən atdıq. Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı və sülhə gedən yolun aydın konturlarını bütün dünyaya göstərdi”, - deyə S.Mikayılova deyib.

S.Mikayılova bildirib ki, 2020-ci il Azərbaycan xalqının həyatında möhtəşəm bir il oldu.

“Tarixi ədalət bərpa olundu və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi Zəfər qazandı.

Əminik ki, bundan sonra da dövlətimiz gücünü artıracaq və öz gücünə əsaslanaraq bütün çağırışların öhdəsindən ləyaqətlə gələcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti