Möhtəşəm Zəfərə aparan şanlı 44 gün (VİDEO)

Möhtəşəm Zəfərə aparan şanlı 44 gün (VİDEO)

Bakı. TurkicWorld:

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günüdür.

TurkicWorld xəbər verir ki, 44 gün davam edən Vətən müharibəsində haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günüdür.

Qeyd edək ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad edib. Bu müddət ərzində ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 286 kənd, çox sayda strateji yüksəkliklər geri qaytarılıb.

Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Bundan sonra Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmayıb.