Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı kimi mövqeyini möhkəmləndirməyə davam edəcək - Ceyhun Bayramov

Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı kimi mövqeyini möhkəmləndirməyə davam edəcək - Ceyhun Bayramov

Yaşıl və dairəvi iqtisadiyyata keçid etmək üçün iqtisadiyyatımızın yenidən qurulmasında transformasiya xarakterli dəyişiklikləri davam etdiririk.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, neft-qaz sektorunun ölkənin inkişafında mühüm rol oynamasına baxmayaraq, bu, Azərbaycan iqtisadiyyatının inkişafı üçün beş prioritet sahədən biridir.

"Məhz bunun fonunda qeyri-neft sektorunun 11 faizdən çox artımı qeyd olunub ki, bu da ölkədə ümumi ÜDM-in 7,2 faiz artmasına səbəb olub", - deyə C.Bayramov bildirib.

Nazir qeyd edib ki, Azərbaycan dünyada enerji resurslarının etibarlı təchizatçısı olmaqla yanaşı, bərpa olunan enerji sektorunu fəal şəkildə inkişaf etdirən nadir ölkələrdən biridir.

"Biz enerji resurslarının etibarlı təchizatçısı kimi mövqeyimizi möhkəmləndirməyə davam edəcəyik. Bu yaxınlarda Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair imzalanmış memorandum Azərbaycanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyinin yaxşı nümunəsidir", - deyə C.Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına artıq 3 milyard dollar sərmayə yatırıb və investisiyaların həcmini daha da artırmaq niyyətindədir.