Azərbaycan Avropa Siyasi Birliyinin sammitinə dəvət olunub

Azərbaycan Avropa Siyasi Birliyinin sammitinə dəvət olunub

Bakı. TurkicWorld:

Azərbaycan oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə dəvət alıb.

TurkicWorld-un "AFP" agentliyinə istinadən verdiyi məlumata görə, sammitə Avropa İttifaqının (Aİ) 27 üzvündən başqa daha 17 ölkə dəvət olunub.

Dəvətləri Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Çexiyanın Baş naziri, Aİ-nin hazırkı prezidenti Petr Fiala imzalayıblar.

Azərbaycan, Türkiyə, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna və İngiltərə dəvət alıblar.

Aİ administrasiyası Avropa qitəsi ölkələrinin Avropa siyasi birliyi ilə siyasi koordinasiyası üçün platforma yaratmağa çalışır. Bunun ideyası Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürülüb.

İdeya siyasi dialoq və əməkdaşlığı gücləndirməklə ümumi maraqların həllinə, bununla da Avropada təhlükəsizliyin, sabitliyin və rifahın artırılmasına yönəlib.

Oktyabrın 6-da Praqada keçiriləcək ilk iclasın yekunları üzrə rəsmi açıqlamalar və ya rəsmi qərarlar gözlənilmir.