Ermənistan itkilər verməklə öhdəliklərini yerinə yetirməyə məcbur olacaq - Sevil Mikayılova

Ermənistan itkilər verməklə öhdəliklərini yerinə yetirməyə məcbur olacaq - Sevil Mikayılova

Bakı. Trend:

Ermənistanın beynəlxalq hüquq qaydalarını kobud şəkildə pozaraq Azərbaycanla sərhəddə törətdiyi təxribatlar hüquqi məsuliyyət yaradır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, dünən gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribata əl atıb.

"Gecə saatlarında müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları minalanıb. Ermənistan silahlı qüvvələri bununla yanaşı, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, minaatanlardan intensiv atəşə tutub. Təbii ki, düşmən tərəfi layiqli cavabını alıb. İtkilərinin sayı 150-200 olduğu bildirilir. Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələri dəf olunub. Azərbaycan Ordusu artıq sərhəd zolağında delimitasiyası keçirilmədiyi məlum olan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib", - deputat qeyd edib.

Millət vəkili əlavə edib ki, Ermənistanın təxribatlarının qarşısının alınması və regionda dayanıqlı sülh şəraitinin yaranması üçün beynəlxalq birliyin praktik addımlar atması çox vacibdir: "Belə ki, sülhün əldə olunması istiqamətində göstərilən beynəlxalq səylərə baxmayaraq, Ermənistan paralel olaraq təxribatlarını davam etdirir. Son günlərdə isə bu təxribatların intensiv xarakter alması normallaşama prosesinə ciddi zərbə vurur, vəziyyəti gərginləşdirir, tərəflər üçün əlavə maneələr yaradır. Son zamanlar Azərbaycanla sərhədboyu ərazilərdə hərbi birləşmələrin cəmləşdirilməsi, ağır texnika və iriçaplı silahlar yerləşdirilməsi Ermənistanın genişmiqyaslı hərbi təxribat törətmək niyyətini açıq-aşkar göstərirdi. Məqsəd aydındır, normallaşma prosesinə mane olmaqla dünya birliyini diqqətini özünə cəlb etmək, cəfəng prinsiplərini bir daha gündəmə gətirmək, konfliktin həll olunmamış qaldığını süni şəkildə sərgiləmək, ən əsası isə Azərbaycanın bölgədə artan nüfüzu və regional əhəmiyyətinə nə olursa olsun, xələl gətirmək".

S.Mikayılova əlavə edib ki, 10 noyabr üçtərəfli bəyanatının icra olunması Ermənistan üçün şərtdir, bu sənədi imzalamaqla Ermənistan öz üzərinə beynəlxalq öhdəlik götürüb və onun yerinə yetirilməsi mütləqdir. Bu tip təxribatlarla Ermənistan mənfur məqsədlərinə çatmayacaq. Əl atdıqları hər təxribat onlara baha başa gəlir, Azərbaycan əvvəlcədən də bəyan etdiyi kimi, öz suveren hüquqlarını bərpa edəcək - ya hərb, ya da sülh yolu ilə, fərq etməz. Bu reallığı dərk etmədikcə Ermənistan yalnız itkilər verməklə öhdəliklərini yerinə yetirməyə məcbur olacaq. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

"Azərbaycan Ordusu düşmən təxribatına layiqli cavab verib, həmlələrin qarşısı alınıb, artıq sərhəd zolağında bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarət təmin edilib.

Bu vəziyyətdə döyüş meydanında öz məğlubiyyətini ört-basdır etmək istəyən Ermənistan ənənəvi olaraq yalan informasiyalar yaymaqla ictimaiyyəti çaşdırmaqda davam edir. Bu vəziyyətdə, təbii ki, daha diqqətli olmalıyıq. Müdafiə Nazirliyi və digər dövlət orqanlarının rəsmi xəbərlərinə istinad edilməlidir. Vətəndaşlarımız ayıq-sayıq olmalıdır. Xüsusən, kütləvi informasiya vasitələri ictimai maraqları, dövlət təhlükəısizliyini rəhbər tutaraq yalnız rəsmi məlumtları paylaşmalıdırlar, məhz rəsmi mənbələrdən yayılan xəbərlər səhihdir, informasiya təhlükəsizliyinin təmin olunması üçün əvəzsizdir", - deputat vurğulayıb.

Sosial media istifadəçilərinin də diqqətli olmasının vacibliyini bildirən S.Mikayılova qeyd edib ki, yayılan xəbərlərlə bağlı məsuliyyətli olmaq lazımdır: "Xüsusən, Ermənistan mediasına və sosial şəbəkələrin erməni seqmentinə istinad edilməsi yolverilməzdir. Ordumuzun mövqeləri və hərbi texnikalar barədə hər hansı video və ya məlumatın sosial şəbəkələrdə paylaşılmasının ağır nəticələri ola bilər. Bu, istənilən halda düşmənin yalan, təxribat dəyirmanına su tökməkdən başqa bir şey deyil".