Prezident İlham Əliyev: Azərbaycanda iş yerlərinin açılması prosesi daim aparılmalıdır

Prezident İlham Əliyev: Azərbaycanda iş yerlərinin açılması prosesi daim aparılmalıdır

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Azərbaycan Televiziyasına müsahibəsində Basqal qəsəbəsində 179 otaqdan ibarət “Basqal Resort & Spa” otelinin açılışının bölgədə turizmin inkişafı baxımından önəmindən bəhs edib.

“Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək”, - deyən Azərbaycan Prezidenti bildirib ki, belə obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması deməkdir. Təkcə Basqal otelində 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır.

“Bu gün, eyni zamanda, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti də bölgə iqtisadiyyatına təkan verir. Orada da 200-ə yaxın iş yeri açılıb. Yəni, Azərbaycanda iş yerlərinin açılması prosesi daim aparılmalıdır. Çünki bizim əhalimiz artır. İş yerlərinə tələbat artır. Dövlət öz tərəfindən həm dediyim layihələrin icrası nəticəsində, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində iş yerlərinin yaradılmasına, iş yerlərinin artırılmasına böyük dəstək olur”, - deyə dövlətimizin başçısı bildirib.