Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva güləşçilərimizin V İslam Həmrəyliyi Oyunlarında medal uğrunda çıxışlarına baxıb (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva güləşçilərimizin V İslam Həmrəyliyi Oyunlarında medal uğrunda çıxışlarına baxıb (FOTO)

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

Trend xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışların medal uğrunda görüşlərini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov və MOK-un baş katibi Azər Əliyev izləyiblər.

Sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), qadın güləşçimiz Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq), Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (50 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.

Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.

İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.