Türkiyə Ukrayna limanlarından “taxıl dəhlizləri”nin tezliklə yaradılmasına ümid edir - Hulusi Akar

Türkiyə Ukrayna limanlarından “taxıl dəhlizləri”nin tezliklə yaradılmasına ümid edir - Hulusi Akar

Bakı. TurkicWorld:

Türkiyə Ukrayna limanlarından “taxıl dəhlizləri”nin yaradılması məsələsində tezliklə müsbət nəticənin əldə edilməsi üçün səy göstərir.

TurkicWorld xəbər verir ki, bunu Ankarada jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

H.Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “ərzaq böhranı”nın həllində şəxsi səylərinə diqqət çəkib.

Onun sözlərinə görə, Türkiyənin müvafiq qurumları R.T.Ərdoğanın göstərişləri kontekstində bu istiqamətdə addımlar atır.

Türkiyəli nazir daha sonra qeyd edib ki, problemin tərkib hissələrindən biri Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsidir və bunun üçün Ukrayna, Rusiya və BMT ilə dialoq qurulub.

Müdafiə Nazirliyinin rəhbəri yaxın vaxtlarda Türkiyə nümayəndə heyətinin Rusiyaya səfər edə biləcəyini və ya Rusiya nümayəndə heyətinin danışıqlar üçün Türkiyəyə gələcəyini istisna etməyib.

"Digər məsələ mina təhlükəsinin aradan qaldırılması və limanların mühafizəsidir. Birləşmiş Millətlər Təşkilatının çərçivə planı var ki, bu da müzakirə mövzusu olaraq qalır. Türkiyənin səyləri xarici siyasətçilər və strukturlar tərəfindən yüksək qiymətləndirilir", - deyə H.Akar əlavə edib.