Fransanın “Agoravox” portalında "Qlobal Bakı Forumu: Qlobal dünya nizamına təhdidlər, reallıq" adlı məqalə dərc olunub

Fransanın “Agoravox” portalında "Qlobal Bakı Forumu: Qlobal dünya nizamına təhdidlər, reallıq" adlı məqalə dərc olunub

Bakı. TurkicWorld:

Azərbaycanın paytaxtı Bakı şəhərində iyunun 16-dan 18-dək “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilib. Etiraf etmək lazımdır ki, Fransız mətbuatı bu tədbiri yetərincə işıqlandırmayıb, ancaq çox təəssüf ki, bu beynəlxalq forumdan alınacaq dərslər çox vacibdir. TurkicWorld-un məlumatına görə, bu fikirlər Fransanın “Agoravox” portalında dərc olunmuş "Qlobal Bakı Forumu: Qlobal dünya nizamına təhdidlər, reallıq" adlı məqalədə yer alıb.

Fransız jurnalist Alən Rumestanın müəllifi olduğu məqalədə qeyd edilib ki, Azərbaycan həmişə Şərqlə Qərb arasında körpü rolunu oynayıb və bu forumdakı qonaqların və təmsil olunan ölkələrin sayı və onların müzakirə panelləri də bunu təsdiqləyib.

Məqalədə qeyd edilir ki, bütün Avropa, Mərkəzi Asiya, Afrika, Latın Amerikası, Asiya və Yaxın Şərqdən çoxsaylı dövlət başçılarının, hökumət rəhbərləri və beynəlxalq təşkilatların qatıldığı bu forumda həmçinin ÜST-nın direktoru, BMT-nin keçmiş baş katibi Ban-Ki Mun, Dünya Bankının vitse-prezidenti, Google-un vitse-prezidenti, Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti, Ərəb Liqasının katibi və hətta Sülh üzrə Nobel mükafatı laureatlarından biri də iştirak edib.

Forumun müzakirə mövzularından bəhs edən müəllif tədbirdə fevral ayının 24-dən bu yana Ukraynada davam edən hərbi əməliyyatlar, qlobal təhlükəsizlik, enerji təhlükəsizliyi, qlobal səhiyyə idarəçiliyi, Cənubi Qafqaz, Qərbi Balkanlar, Yaxın Şərq, ərəb və müsəlman dünyası, qloballaşma və bərabərsizlik, insan haqları, demokratiya, yoxsulluq, qida və dünya kənd təsərrüfatının təkamülü kimi məsələlər üzrə geniş fikir mübadiləsinin aparıldığını da əlavə edib.

Məqalədə vurğulanıb ki, dünya bütün sahələrdə dəyişir, 1945-ci ildən və İkinci Dünya Müharibəsinin bitməsindən sonra yaradılan təşkilatlar, o cümlədən BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, NATO yeni ekzistensial çağırışlarla üzləşir, çoxtərəflilik sarsıdılır və ona meydan oxunulur. Odur ki, bu fərqləri aradan qaldırmaq və qısa, orta və uzunmüddətli perspektivdə təhlükəli vəziyyətlərdən çıxış yolları tapmaq üçün siyasi tərəfdaşlar və beynəlxalq təşkilatlar arasında konstruktiv dialoqlara üstünlük vermək lazımdır.

“Bakıda keçirilən bu üç günlük beynəlxalq forumun müzakirələrinin sonunda iştirak edən müşahidəçilər yalnız arzu edə bilərdilər ki, bu cür forumlar dünyanın hərbir yerində tez-tez keçirilsin, müxtəlif ölkələr, xalqlar bir araya gəlsin və müxtəlif yanaşmalar müzakirə olunsun. Yeni dünya nizamı sülh və qlobal həll yolları axtarışında yaradılmalıdır”,- deyə o, məqaləsində qeyd edib.