Sergey Lavrov: Kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində müəyyən irəliləyiş var

Sergey Lavrov: Kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində müəyyən irəliləyiş var

Bakı. TurkicWorld:

Kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində müəyyən irəliləyiş var.

TurkicWorld xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

S.Lavrov bildirib: "Diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində də sanballı tədbirlər proqramı həyata keçirilir. İyirmidən çox müxtəlif tədbir planlaşdırılır, onların bir qismi artıq təşkil edilib, qalanları ilin sonunadək keçiriləcək. Bu tədbirlər bizim vətəndaşlar tərəfindən yaxşı qarşılanır. Bu, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə can atmasını, mədəniyyətlərimizin, tarixi yaddaşımızın ümumiliyini vurğulayır. Əlbəttə, biz Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndiririk, Siz də Prezident Putin ilə bu barədə danışmısınız.

Regional problemlərə gəldikdə, biz üç lider tərəfindən 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvarında və noyabrında imzalanmış üç sənədin reallaşmasına hər vasitə ilə kömək etməyə hazırıq. Bizim dəyərləndirməmizə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində müəyyən irəliləyiş var. Razılaşdırılmalı məsələləri biz Ermənistan tərəfi ilə müzakirə edirik. Mənə belə gəlir ki, avtomobillərin maksimum komfort şəkildə hərəkətinə heç bir süni maneə yaradılmaması üçün bu işin təşkili məsələsini necə həll etmək barədə ümumi fikir formalaşır. Rusiya nəticə əldə olunana qədər bu işə kömək edəcək. Ümidvaram ki, bu, tezliklə olacaq. Biz həm də başqa razılaşmalara uyğun olaraq Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərməyə də hazırıq. Bu barədə konkret təkliflər var. Onları Sizinlə müzakirə etməyə şad olaram".