Azərbaycanla Qırğız Respublikası arasında iki Anlaşma Memorandumu təsdiqləndi

Azərbaycanla Qırğız Respublikası arasında iki Anlaşma Memorandumu təsdiqləndi

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiqlənib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək.

***

Dövlət başçısının “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum”un təsdiq edilməsi barədə digər Fərmanı ilə 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandum qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək.