Özbəkistan Prezidenti: Azərbaycanla birgə müəssisələrin sayı 4 dəfə artıb

Özbəkistan Prezidenti: Azərbaycanla birgə müəssisələrin sayı 4 dəfə artıb

Bakı. TurkicWorld:

Azərbaycanla birgə müəssisələrin sayı 4 dəfə artıb.

TurkicWorld xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.

Özbəkistan Prezidenti bildirib:

"Bu gün mühüm siyasi sənəd – Strateji tərəfdaşlığın genişləndirilməsi və hərtərəfli əməkdaşlığın artırılması haqqında Bəyannamə qəbul olunacaq. Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrimiz mövcuddur. Biz ticarətdə, sənayedə, kooperasiyada dinamik artım müşahidə edirik. Biz yalnız bu gün bu barədə tənqidi, ciddi danışdıq, qeyd etdik ki, əslində, əmtəə dövriyyəsi 6 dəfə artıb, lakin bu barədə tənqidi fikirləşməyə dəyər və biz bu məsələləri çox ciddi təhlil etdik. Birgə müəssisələrin sayı 4 dəfə artıb. Uğurlu əlamətdar layihələr arasında Hacıqabulda avtomobillərin birgə istehsalının təşkilini və ipəkçilik sahəsində kooperasiyanı qeyd etmək olar. Lakin göstəricilər hələ çox cüzidir və iqtisadiyyatlarımızın bir-birini qarşılıqlı tamamlayan amillərinin mövcud böyük potensialından istifadə etməyin zəruri olduğunu göstərir".