Prezident İlham Əliyev: Özbəkistanla qarşılıqlı ünsiyyət çərçivəsində yaxşı elementlərin olduğunu görürük

Prezident İlham Əliyev: Özbəkistanla qarşılıqlı ünsiyyət çərçivəsində yaxşı elementlərin olduğunu görürük

Bakı. TurkicWorld:

Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllinə görə Şavkat Miromonoviçə təşəkkür edirəm. Mən dəstək üçün müraciət edəndə dərhal kömək göstərildi və bu, həmin sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağımıza imkan verdi.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşdə çıxış edərkən bildirib.

Bu gün Özbəkistan Prezidenti ilə kənd təsərrüfatı fəaliyyətinin başqa istiqamətləri barədə məsələləri də müzakirə etdiklərini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Əminəm ki, bu istiqamətlər üzrə də mühüm uğurlar əldə ediləcək. Əlbəttə, mən səfərdən əvvəl də, səfər çərçivəsində də Özbəkistanın bugünkü sənaye potensialı haqqında çox eşitmişəm. Bu gün sənaye potensialı, onun bir hissəsi ilə texnoparkda tanış olmaq imkanı olacaq. Əminəm ki, bu, müştərək layihələrin praktiki reallaşdırılması baxımından da bizim kooperasiyamız üçün çox vacibdir”.

Qarşılıqlı ünsiyyət çərçivəsində artıq yaxşı elementlərin olduğunu deyən Prezident İlham Əliyev Hacıqabuldakı avtomobil zavodunu buna misal göstərib.

“Mənə bu gün deyildi ki, avtomobil istehsalı nomenklaturunu genişləndirmək və istehsal edilən avtomobillərin sayını artırmaq planlaşdırılır. Özbəkistan haqlı olaraq bu müəssisə ilə fəxr edə bilər. Bilirəm ki, Özbəkistanda belə müəssisələr az deyil”, - deyə dövlətimizin başçısı əlavə edib.