Azərbaycan bu gün qlobal problemlərin həll yollarının axtarıldığı dialoq mərkəzinə çevrilib - Sevil Mikayılova

Azərbaycan bu gün qlobal problemlərin həll yollarının axtarıldığı dialoq mərkəzinə çevrilib - Sevil Mikayılova

Bakı. TurkicWorld:

Azərbaycan bu gün qlobal problemlərin müzakirə edilib, həll yollarının axtarıldığı dialoq mərkəzinə çevrilib.

Bunu TurkicWorld-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Azərbaycan qlobal tədbirlərə uğurla ev sahibliyi etmə ənənəsini uzun müddətdir ki, formalaşdıra bilib. Bu il də Azərbaycanda növbəti dəfə IX Qlobal Bakı Forumu keçirilir.

"Biz hər il bu foruma marağın necə artdığının şahidi oluruq. Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verir. Qlobal Bakı Forumunda hazırda dünyada mövcud olan ən aktual məsələlərin fəal müzakirəsi aparılır.

Prezident İlham Əliyev forumun açılış mərasimində çıxışı zamanı forumda müzakirə olunan vacib məsələlərə toxundu. Bu gün dünyada təhlükəsizlik məsələləri beynəlxalq gündəlikdə duran əsas amillərdən birinə çevrilib. Cənab Prezident dünyada sürətlə siyasi proseslərin dəyişdiyini, bəzi məsələlərin aktuallığını itirdiyini və gündəlikdə yeni məsələlərin durduğunu bildirdi", - deputat qeyd edib.

S.Mikayılova əlavə edib ki, dünyada baş verən son siyasi proseslər, dünya düzənində sabitliyin pozulması, xüsusən də dünya enerji bazarında mövcud olan qeyri-sabitlik Azərbaycanı da narahat edir.

"Qlobal Bakı Forumu, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün də unikal məkanlardan biridir. Ötən ilin noyabrında keçirilən forum zamanı cənab Prezident ermənilərin azad olunmuş ərazilərimizdə törətdiyi vəhşiliklər barədə qonaqları geniş məlumatlandırmışdı. Bu il isə dövlət başçısı regiondakı son vəziyyət barədə forum iştirakçılarını bilgiləndirdi. Bölgədə sülhün nə qədər vacib olduğu bir daha vurğulandı. Azərbaycan müharibədə qalib gəldiyi və müharibənin ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndiyi qonaqların diqqətinə çatdırıldı", - S,Mikayılova vurğulayıb.

Regionda sülhün yaranması üçün Zəngəzur dəhlizinin açılmasının önəmini vurğulayan deputat bildirib ki, bu, Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulması üçün vacibdir: "Ermənistan 10 noyabr bəyanatında və ondan sonrakı rəsmi görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əgər qonşularla mehriban münasibət, regionda sülh istəyirsə, bütün revanşist fikirlərdən əl çəkməlidir. Cənab Prezidentin də dediyi kimi, bu revanşist fikirlər onların sonu ola bilər".

Sonda IX Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha xatırladan S.Mikayılova əlavə edib ki, Azərbaycan dünyada qlobal problemlərin həllinə öz töhfəsini verə bilən ölkələrdəndir.

"Qlobal Bakı Forumunda Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin fəaliyyətdə olan rəhbərlərinin, çoxsaylı ölkələrin keçmiş rəhbərlərinin, tanınmış ictimai-siyasi xadimlərin, aparıcı ekspertlərin, habelə, Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və s. rəhbərlərinin iştirakı, Britaniya, İtaliya, Latviya və digər ölkələrin rəhbərlərinin müraciətləri bu foruma olan böyük marağı növbəti dəfə sübut edir", - deputat qeyd edib.