...

Prezident İlham Əliyev: Şuşa Bəyannaməsi Azərbaycan – Türkiyə münasibətlərinin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir

Siyasət Digər xəbərlər 15 İyun 2022 11:26
TurkicWorld Daspina Hasanova
Prezident İlham Əliyev: Şuşa Bəyannaməsi Azərbaycan – Türkiyə münasibətlərinin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir

Bakı. TurkicWorld:

Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir.

TurkicWorld xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd edib.

Dövlət başçısı bildirib:

Bir il əvvəl – 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.

Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun – Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir.

Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir.

Qars müqaviləsindən 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları əks etdirir, eləcə də Azərbaycan ilə Türkiyə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti