Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda böyük irəliləyiş əldə edib - BMT Baş Assambleyasının sədri (FOTO/VİDEO)

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda böyük irəliləyiş əldə edib - BMT Baş Assambleyasının sədri (FOTO/VİDEO)

Bakı. TurkicWorld:

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq yolunda böyük irəliləyiş əldə edib.

Bu barədə Trend-ə özəl müsahibəsində BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şəhid deyib.

"Bu gözəl ölkədə, Azərbaycanda olmaq mənim üçün böyük şərəfdir. Mən Azərbaycan hökumətinin dəvəti ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sədri kimi gəlmişəm. Azərbaycan həmişə çoxtərəflilik prinsiplərinə sadiq ölkə olub. Bu il ölkə BMT-yə üzvlüyünün 30 illiyini qeyd edir. Azərbaycan çoxtərəfliliyin təşviqində mühüm rol oynayıb. O, Təhlükəsizlik Şurasının və İqtisadi və Sosial Şuranın üzvü olub. Beynəlxalq ictimaiyyətin çoxlu problemlərlə üzləşdiyi bir vaxtda mənim Azərbaycanın liderliyi, üzləşdiyimiz çağırışlar, pandemiya, enerji böhranı, ərzaq böhranı, iqlim dəyişikliyi kimi məsələləri və bir çox başqa məsələləri müzakirə etmək imkanım var. Xarici işlər naziri ilə də, parlamentin sədri ilə də səmərəli görüşlərim oldu. Daha sonra ADA Universitetində oldum, gənclərlə görüşdüm və günümü BMT agentlikləri ilə Azərbaycan arasında əlaqələri qiymətləndirmək üçün BMT-nin Ölkə Qrupu ilə görüşlə yekunlaşdırdım", - deyə o bildirib.

Bu gün ölkənin Qoşulmama Hərəkatının (QH) sədri olduğunu qeyd edən Abdulla Şəhid, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə COVID-19 ilə bağlı məsələlərin müzakirəsi üçün Qoşulmama Hərəkatının Zirvə toplantısını çağırdığını xatırladıb:

"Həmçinin Prezident İlham Əliyev bu məsələ ilə bağlı Baş Assambleyanın növbədənkənar sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib. Bu, çox vaxtında irəli sürülən təşəbbüs idi, bu məsələnin beynəlxalq ictimaiyyətin, üzv dövlətlərin diqqətinə çatdırılmasına kömək edib. Pandemiyadan yeganə çıxış yolu peyvənləmədir. Bütün ölkələrin peyvənd üçün bərabər çıxışı olması vacibdir. Mən bu il fevralın 25-də eyni məsələ ilə bağlı yüksək səviyyəli iclas çağırdım və Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevdən dəstək mesajı almaqdan çox məmnun oldum".

BMT Baş Assambleyasının sədri qeyd edib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaqda böyük irəliləyiş əldə edib:

"Onu da qeyd etmək lazımdır ki, Azərbaycan üçün böyük qürurverici haldır ki, o, üç dəfə Könüllü Milli İcmalı təmsil edən azsaylı ölkələrdən biridir. Bu, Azərbaycan hökumətinin DİM-lərin icrasına daim nəzarət etmək üzrə fəal işini nümayiş etdirir, hökumətin buna sadiqliyinin bariz göstəricisidir. Biz hökumətin tələb etdiyi bütün məsələlərdə - iqlim dəyişikliyinə qarşı mübarizə, gender və digər məsələlərdə kömək etmək üçün buradayıq. BMT-nin rolu Azərbaycan xalqı və hökuməti tərəfindən yüksək qiymətləndirilir və biz hər şeydə kömək etməyə hazırıq".

Abdulla Şəhid qeyd edib ki, BMT çərçivəsində əməkdaşlıq istiqamətlərindən biri də iqlim dəyişikliyinə qarşı mübarizədir:

"Təbii ki, Azərbaycan neft hasil edən ölkədir, buna baxmayaraq, diqqətəlayiq haldır ki, COP26 konfransında Azərbaycan 2050-ci ilə qədər istixana qazı tullantılarını 40 faiz azaltmağı öz öhdəsinə götürüb. Beləliklə, Azərbaycanın buna sadiqliyi aydın görünür və BMT bu ölkə ilə texnologiya transferi, bərpa olunan enerji mənbələrinə keçidlə bağlı işləyəcək".

BMT Baş Assambleyasının sədri əlavə edib ki, bu çox çətin dövrlərə baxmayaraq, Azərbaycan xalqının ölkənin inkişafında qazandığı böyük uğurlardan heyran qalıb.