Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlığımızın inkişafı üçün əlverişli şərait mövcuddur

Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlığımızın inkişafı üçün əlverişli şərait mövcuddur

Bakı. TurkicWorld:

İyunun 10-da Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu göndərib.

TurkicWorld xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda bu il Azərbaycan Respublikası ilə Türkmənistan arasında əlamətdar ildönümünün – diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu vurğulayıb, bu xoş hadisə münasibətilə həmkarını ürəkdən təbrik edib, ona və qardaş Türkmənistan xalqına ən səmimi arzularını çatdırıb.

Məktubda qeyd olunub ki, Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər tarixən dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Ortaq tarixə, qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin ötən dövr ərzində dinamik inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və bu gün strateji tərəfdaşlıq xarakteri daşıması xüsusi məmnunluq doğurur.

“Qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan sənədlər, həyata keçirilən birgə layihələr əməkdaşlığımızın genişlənməsində mühüm rol oynayıb. Siyasi əlaqələrimizin yüksək səviyyəsi iqtisadiyyat, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə səmərəli işbirliyimiz ilə müşayiət olunur. Beynəlxalq təşkilatlar çərçivəsində də münasibətlərimiz uğurla davam edir.

Hesab edirəm ki, Azərbaycan ilə Türkmənistan arasında bütün sahələrdə, xüsusilə nəqliyyat sahəsində əməkdaşlığımızın inkişafı üçün əlverişli şərait mövcuddur. Əminəm ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə ənənəvi dostluq əlaqələrimizin möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişlənməsinə nail olacağıq”, - deyə Azərbaycan Prezidenti təbrik məktubunda qeyd edib.

Prezident İlham Əliyev Türkmənistan dövlətinin başçısını səmimiyyətlə təbrik edib, ona möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.