Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması regionun sabitliyi üçün vacibdir – Çavuşoğlu

Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması regionun sabitliyi üçün vacibdir – Çavuşoğlu

Bakı. TurkicWorld:

Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanmasının regionun sabitliyi üçün vacib olduğunu düşünürük, TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Rusiyalı həmkarı Sergey Lavrovla birgə iştirak etdikləri mətbuat konfransında deyib.

“Biz Qafqazda 3+3 formatı, Qafqazda Azərbaycan və Ermənistan arasında normallaşma, Türkiyə ilə Ermənistan arasında normallaşmanı müzakirə etdik və bu məsələlərdə Rusiya Federasiyasına verdiyi dəstəyə görə minnətdarlığımızı bildiririk,” – deyə nazir əlavə edib.

Konfrans zamanı Çavuşoğlu onu da bildirib ki, Türkiyə Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək prinspial mövqey nümayiş etdirib və əlavə edib ki, əməliyyatların danışıqlar yolu ilə dayandırılması üçün bütün zəruri səylər göstəriləcək.

"Ukrayna taxılının beynəlxalq bazara çıxarılması üçün Birləşmiş Millətlər Təşkilatı, Rusiya Federasiyası, Ukrayna və Türkiyə arasında əməkdaşlığı ehtiva edən bir plan var. Biz Türkiyə olaraq hesab edirik ki, bu planın həyata keçirilməsi mümkündür. Əgər hər iki ölkə bunu qəbul edərsə, biz BMT-nin təklifi ilə bunun təfərrüatlarını müzakirə etmək üçün İstanbulda görüş keçirə biləcəyimizi söylədik,” - deyə o vurğulayıb.