Türkiyə və Pakistan əməkdaşlığı genişləndirmək niyyətindədir - Ərdoğan

Türkiyə və Pakistan əməkdaşlığı genişləndirmək niyyətindədir - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə və Pakistan həm ikitərəfli, həm də beynəlxalq platformalarda əməkdaşlığı genişləndirməkdə qərarlıdır.

TurkicWorld xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Pakistanın baş naziri Şahbaz Şəriflə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı Türkiyə və Pakistan liderləri ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi məsələlərinin bütün spektrini müzakirə ediblər.

Dövlət başçısı əlavə edib ki, tərəflər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Türkiyə lideri qeyd edib ki, Ankara və İslamabad strateji nöqteyi-nəzərdən ikitərəfli münasibətləri iki ölkənin tarixinə, dostluğuna və potensialına uyğun olaraq daha da gücləndirməyə hazırdır. R.T.Ərdoğan Türkiyə ilə Pakistan arasında müdafiə sənayesi sahəsində uğurlu əməkdaşlığa diqqət çəkib.

"Biz son vaxtlar həyata keçirilmiş konkret əməkdaşlıq layihələrindən məmnunuq. MİLGEM layihəsi çərçivəsində korvetlərin birgə istehsalı bu baxımdan mühüm nümunədir", - Türkiyə prezidenti bildirib.

Dövlət başçısı Türkiyə ilə Pakistan arasında ikitərəfli ticarətin həcminin 1 milyard dollara çatdığını və tərəflərin bunu 5 milyard dollara çatdırmaq niyyətində olduğunu bildirib.

Əfqanıstandakı vəziyyətə toxunan Türkiyə lideri bu ölkədə davamlı sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

"Biz (Pakistanla - red.) Əfqanıstan xalqına humanitar böhranın təsirlərini yumşaltmaqda kömək etmək üçün birlikdə işləyirik. Türkiyə Əfqanıstana 4000 tondan çox humanitar yardım daşıyan 4 qatarı göndərib, indi biz beşinci qatarı göndərməyə hazırlaşırıq", - R.T.Ərdoğan əlavə edib.