"Pençe Kilit" əməliyyatı bölgəsində məhv edilən terrorçuların sayı 100-ü keçib - Hulusi Akar

"Pençe Kilit" əməliyyatı bölgəsində məhv edilən terrorçuların sayı 100-ü keçib - Hulusi Akar

Bakı. TurkicWorld:

Türkiyə ordusunun İraqın şimalındakı "Pençe Kilit" əməliyyatı bölgəsində zərərsizləşdirdiyi terrorçuların sayı aprelin 18-dən bəri 100-ü keçib. Sonuncular sırasında mağaralardan birində xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınan bir qrup silahlı məhv edilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar videokonfrans vasitəsilə çıxışı zamanı bildirib.

Türkiyə Müdafiə Nazirliyinin başçısı Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunlarının komandanı Musa Avsever və Hərbi Hava Qüvvələrinin komandanı Həsən Küçükaküzün müşayiəti ilə Türkiyə Quru Qoşunları Komandanlığının Hakkari vilayətindəki Əməliyyat Mərkəzini ziyarət edib:

"Biz heç bir hərbçinin ölümünü cavabsız qoymamışıq və qoymayacağıq", - deyə H.Akar ötən gün İraqın şimalında PKK terrorçuları ilə toqquşmada Türkiyə ordusunun 5 hərbçisinin şəhid olduğunu xatırladaraq vurğulayıb.

Nazir Ankaranın Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.