Azərbaycanla sülh müqaviləsi Ermənistanı indi olduğu dəhşətli böhrandan çıxara biləcək yeganə yoldur - Mixail Finkel

Azərbaycanla sülh müqaviləsi Ermənistanı indi olduğu dəhşətli böhrandan çıxara biləcək yeganə yoldur - Mixail Finkel

Bakı. TurkicWorld:

Azərbaycanla sülh müqaviləsi Ermənistanı indi olduğu dəhşətli iqtisadi, siyasi və demoqrafik böhrandan çıxara biləcək yeganə yoldur.

Bunu TurkicWorld-ə israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel deyib.

O qeyd edib ki, bu danışıqların lokomotivi, aparıcı qüvvəsi Azərbaycan Prezidenti İlham Əliyevdir.

“Azərbaycan Prezidenti bütün dünyaya göstərdi ki, əsl sülhməramlıdır. O bildirib ki, tezliklə sülh müqaviləsi imzalanmalıdır və bunun üçün mümkün olan və olmayan hər şeyi edib. Sirr deyil ki, Azərbaycan Prezidenti ölkə XİN-ə, öz köməkçilərinə, bütün məmurlara sülh müqaviləsinin imzalanması üçün lazım olan sənədlərin hazır olması barədə tapşırıqlar verib”, - deyə o bildirib.

M.Finkel qeyd edib ki, Ermənistanda isə tamamilə zidd münasibətlər hökm sürür.

“Biz görürük ki, erməni cəmiyyəti və İrəvanda çoxminli mitinqlər keçirən müxalifət hər yolla sülh müqaviləsinin imzalanmasına əngəl olmağa çalışır. Biz görürük ki, Prezident İlham Əliyevin təşəbbüsləri öz vaxtını və qonşuların yanaşmalarını nə qədər qabaqlayır. Ermənistanda başa düşmürlər ki, onların başqa seçimi yoxdur və sülh müqaviləsi Ermənistanı indi olduğu dəhşətli iqtisadi, siyasi və demoqrafik böhrandan çıxara biləcək yeganə yoldur”, - ekspert deyib.

Onun fikrincə, erməni tərəfi döyüş meydanında uduzduqdan sonra, öz günahı ucbatından diplomatik danışıqlar məkanında da uduza bilər.

Qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Görüş zamanı aşağıdakı nəticələr əldə olunub;

Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq. Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə, hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.