İndoneziya portalları “Şuşa İli”ndən bəhs edən məqalələr yayıblar (FOTO)

İndoneziya portalları “Şuşa İli”ndən bəhs edən məqalələr yayıblar (FOTO)

Bakı. TurkicWorld:

2022-ci ilin Azərbaycanda “Şuşa İli” kimi qeyd olunması çərçivəsində ölkəmizin İndoneziyadakı səfirliyinin müşaviri Gültəkin Həbiblinin bu ölkənin ANTARA Milli Xəbər Agentliyi, həmçinin “Miraj” Xəbər Agentliyi və digər saytlarında “İlin, Zəfərin mübarək, Şuşa!” sərlövhəli məqaləsi yayımlanıb.

TurkicWorld xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” kimi tarixi sitatları ilə başlanan məqalədə 2020-ci il noyabrın 8-də Azərbaycan xalqına müraciətində Azərbaycan Prezidentinin səsləndirdiyi bu sözlərin uzun illər ərzində Şuşa həsrəti çəkən xalqımızın, dünyada yaşayan soydaşlarımızın yarasına məlhəm olduğu bildirilir. Yazıda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Şuşanı azad etdiyi qeyd edilərək, Allahdan şəhidlərimizə rəhmət dilənir, qazilərimizə şəfa arzulanır.

Müəllif 28 ildən çox erməni işğalı altında qalan Şuşanın qədim tarixi köklərə əsaslanan mədəni irsinə böyük zərbə vurulduğunu, xalqımıza aid tarixi abidələrin, məscidlərin, müəssisələrin, kitabxana və muzeylərin dağıdıldığını, talan edildiyini vurğulayıb. Şuşanın Azərbaycana qaytarılmasından sonra qısa müddət ərzində dirçəldilməsi istiqamətində görülən bərpa-quruculuq işləri haqqında məlumat verilib. Şuşanın işğaldan azad olunmasından sonra tez bir zamanda Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızı Leyla Əliyevanın Şuşaya getməsinin hər bir azərbaycanlıya dövlətimizin öz tarixinə, mədəniyyətinə, torpaqlarına sahib çıxmağın qürurunu yaşatdığı vurğulanıb. Azərbaycan Prezidenti tərəfindən Şuşanın “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi ilə bu şəhərin bərpası və tarixi simasının özünə qaytarılması, qısa müddət ərzində Şuşanın mədəni və siyasi tədbirlərin keçirildiyi ünvana çevrildiyi bildirilib. Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin dünyaya səs saldığı qeyd olunub. Şuşanın Azərbaycanda akkreditə olunan xarici diplomatların, buraya səfərləri təşkil olunan əcnəbi jurnalistlərin gözü ilə dünyaya bir daha tanıdıldığı, habelə orada Azərbaycanın BMT-yə üzv qəbul olmasının 30 illiyinə dair tədbirin keçirilməsinin bu şəhərin dünyanın siyasi arenasına çevriləcəyindən xəbər verdiyi vurğulanıb.

Bu il aprelin 22-də Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının baş tutduğu, onilliklər boyu Şuşa həsrəti ilə yaşayan azərbaycanlıların mənəvi rahatlığın, həmrəyliyin, Şuşaya qovuşmağın sevincini birgə yaşadıqları və toplantının Zəfər Qurultayı olaraq tariximizin səhifələrində əbədi yerini tutduğu qeyd edilib.

Məqalədə müəllif bu ilin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şuşa İli” elan edildiyi də vurğulayıb. Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü əsasında “Şuşa İli” ilə bağlı silsilə tədbirlərin həyata keçirildiyi qeyd olunub. Habelə Azərbaycanın 270 yaşlı mədəniyyət paytaxtı, muğam-sənət beşiyi olan Şuşa şəhərinin, eyni zamanda, 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyi, bu barədə qərarın TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-də keçirilən növbədənkənar iclasında qəbul olunduğu diqqətə çatdırılıb.