Almaniya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiyaların artmasında maraqlıdır (Müsahibə) (VİDEO)

Almaniya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiyaların artmasında maraqlıdır (Müsahibə) (VİDEO)

Bakı. TurkicWorld:

Qlobal çağırışlara baxmayaraq alman iş adamlarının Azərbaycana investisiya qoymağa marağı artır.

Bunu TurkicWorld-ə müsahibəsində Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann deyib.

Onun sözlərinə görə, Ukraynadakı hadisələr fonunda enerji daşıyıcılarının qiyməti artır, bu isə Azərbaycan üçün yaxşı gəlir və biznesin daha da inkişafı deməkdir.

"2021-ci ildə Azərbaycanla Almaniya arasında ticarət göstəriciləri 2020-ci illə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb, ikitərəfli ticarət dövriyyəsi isə bir milyard avroya çatıb. 2021-ci ildə Almaniyanın Azərbaycana ixracı 300 milyon avro, idxal isə 700 milyon avro təşkil edib", - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, Almaniya şirkətləri Qarabağda aparılan yenidənqurma işlərində fəal iştirak edə bilərlər.

"Almaniyanın infrastruktur, su ehtiyatlarının idarə olunması, elektrik təchizatı, kənd təsərrüfatı, bərpa olunan enerji mənbələri, tunellər və minaların təmizlənməsi sahələrində müxtəlif həlləri mövcuddur. Qeyd edim ki, Almaniyanın minaların təmizlənməsi prosesində iştirakı gələcək investisiyalar üçün zəmin yaradır. Almaniya hazırda bir neçə tikinti layihəsində iştirak edir. Aeroportun tikintisi ilə bağlı Almaniya-Azərbaycan birgə müəssisəsi işləyir. Memarlarımız yaşayış binalarının tikintisi üçün də həllər təklif edir. Bu prosesdə iştirak etmək üçün tender prosedurlarının başlanmasını gözləyirik”, - icraçı direktor deyib.

Bundan əlavə, onun sözlərinə görə, Almaniya tərəfi Azərbaycanda yeni alüminium zavodunun tikintisinə investisiya yerləşdirməyi planlaşdırır.

"Britaniyalı həmkarlarla birgə müəssisə Gəncə şəhərində inşa olunacaq, amma layihəyə investisiyaların böyük hissəsi Almaniya tərəfindən qarşılanacaq. Layihəyə qoyulan investisiyaların ümumi həcmi 300 milyon avro təşkil edəcək. Bu, indiyə qədər Azərbaycana qoyduğumuz ən böyük investisiya olacaq. Bizim Azərbaycanda daimi əsasda fəaliyyət göstərən şirkətlərimiz var. Ümumilikdə, hesablamalarımıza görə, hər il Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində 200-ə yaxın Almaniya şirkəti fəaliyyət göstərir və onların sayı daim dəyişir”, - T.Baumann bildirib.

O, həmçinin bildirib ki, Azərbaycan Almaniyaya başlıca neft və qaz tədarükçüsüdür.

"Qeyd etmək istəyirəm ki, Almaniya şirkətləri əvvəlki kimi Azərbaycan iqtisadiyyatında vacib rol oynayır. Onlar Cənub Qaz Dəhlizi çərçivəsində fəal iştirak edirlər. Bildiyiniz kimi, hazırda bizim Rusiyadakı qaz tərəfdaşları ilə kifayət qədər ciddi problemlərimiz var. Biz qaz tədarükünün şaxələndirilməsi üçün alternativ yollar axtarırıq”, - T.Baumann vurğulayıb.

İcraçı direktorun sözlərinə görə, Almaniya neft-qaz sənayesində və yataqların kəşfiyyatı sahəsində liderdir.

"Biz Azərbaycana kəşfiyyat üçün qazma texnikası tədarük edirik, ətraf mühitin mühafizəsi üzrə layihələr həyata keçiririk, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) zərərli tullantıların idarə olunmasında kömək edirik. Almaniya şirkətləri həm də tikinti sahəsində liderdir. Şirkətlərimiz azərbaycanlı tərəfdaşları sənaye müxtəlif sahələri – toxuculuq, heyvandarlıq, qida istehsalı üçün avadanlıqlar tədarük edir. Bundan əlavə,biz isveçrəli tərəfdaşlarla birlikdə Bakıda “Crystal Palace” binasının dam örtüyünün layihələndirilməsini həyata keçirmişik”, - deyə T.Baumann bildirib.

Onun sözlərinə görə, Almaniya daha çox energetika şirkətini Almaniya-Azərbaycan Ticarət Palatasına üzv olmağa dəvət edir.

"Hazırda ticarət palatamıza daxil olan şirkətlərin sayı 160-a çatıb. Palatanın üzvü olan Almaniyanın “Uniper SE” enerji şirkəti əsas qaz treyderlərindən biridir. Biz enerji daşıyıcıları, o cümlədən hidrogen istehsalı ilə məşğul olan və bərpa olunan enerji sahəsində fəaliyyət göstərən daha çox şirkəti dəvət etmək istərdik. Bu, gələcək inkişafımızın istiqamətləridir. 2022-ci ilin iyununda biz bərpa olunan enerji mənbələri üzrə nümayəndə heyətini qəbul etməyi planlaşdırırıq”, - o deyib.

İcraçı direktor onu da bildirib ki, Almaniya şirkətlərinin Azərbaycandakı fəaliyyəti əsasən logistika və nəqliyyat həlləri sektorlarında cəmlənib.

"DHL, “Rhenus Logistics”, “DB Schenker”, “Hansa Meyer Global”, “Kühne+ Nagel” kimi şirkətlər SOCAR-ın məhsullarının logistikası ilə məşğul olur. Bir sıra digər şirkətlər isə ağır texnika və onun xidməti sahəsində ixtisaslaşıblar. Bizim şirkətlər üçün Azərbaycan bazarı maşınqayırma sənayesində avadanlıq, istehlak malları və konkret həllər üçün məkandır. Onlardan bəzilərinin Bakıda nümayəndəlikləri mövcuddur”, - deyə o əlavə edib.

Yekunda T.Baumann bildirib ki, bu günkü gün Azərbaycan hələ də Almaniya investisiyalarının cəlb olunması üçün əsas istiqamətə çevrilməyib. Amma adı çəkilən alüminium layihəsi, Qarabağın inkişafı və yeni beynəlxalq müqavilələrlə bu, yaxın gələcəkdə dəyişə bilər.