Heydər Əliyev epoxası Azərbaycan tarixinin milli intibah dövrü kimi xarakterizə olunur - Sevil Mikayılova

Heydər Əliyev epoxası Azərbaycan tarixinin milli intibah dövrü kimi xarakterizə olunur - Sevil Mikayılova

Bakı. TurkicWorld:

Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf istiqamətlərini özündə birləşdirməklə sözün əsl mənasında milli intibah dövrü kimi xarakterizə olunur.

Bunu TurkicWorld-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

O bildirib ki, uzunillik misilsiz xidmətləri ilə xalqın böyük etimad və məhəbbətini qazanmış Ulu Öndər milyonlar üçün Böyük Xilaskar oldu.

“Bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli məhz Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə gəlməsi ilə qoyuldu.

1993-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider ilk növbədə ölkədə siyasi sabitliyi təmin etdi. Ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirərək onun müstəqilliyini əbədiləşdirdi. Zamanın ağır və sərt sınaqlarına vüqarla sinə gərən müstəqil Azərbaycan dövləti Heydər Əliyevin liderliyi ilə öz hüquqi və siyasi-iqtisadi suverenliyi istiqamətində uğurla irəliyə getməyə başladı. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi sabitlik ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı. Azərbaycanın sosial-iqtisadi yüksəlişi ilə yanaşı cəmiyyətin demokratik əsaslarla inkişafı üçün lazımı mühit formalaşdırdı.

Heydər Əliyev söyləmişdi: “Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir”. Dövrünün fenomenal siyasi xadimi, dünya siyasətinin nadir şəxsiyyətlərindən olan Ulu Öndərin fikri bugün narahat dünyamızda baş verən bir çox siyasi gərginliklər fonunda necə də aktualdır! Danılmazdır ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın və onun yaratdığı dövlətin həyatında həlledici rol oynayır. Ulu Öndərin ən böyük gücü dərin və hərtərəfli biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Kamil siyasətçi və dövlət xadimi olaraq Ulu Öndər bir daha sübut etdi ki, cəmiyyət kənar təsirlərin və təzyiqlərin deyil, məhz ictimai-siyasi və sosial tələbatı və buna uyğun olaraq intellektual təkamülü əsasında arzuolunan tərəqqini təmin edə bilər”, - deyə deputat bildirib.

S.Mikayılova vurğulayıb ki, Azərbaycanda fikir plüralizmi və söz azadlığının inkişafı Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə demokratik münasibətlərin inkişafına xidmət edən siyasətinin əsas iqtiqaməti oldu.

“Milli mətbuatın məhz demokratik əsaslarla inkişafı gənc müstəqil dövlətin dünyəvi dəyərlərə yiyələnməsi baxımından vacib addım idi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bununla müstəqilliyini bərpa etmiş və yenidən azadlığına qovuşmuş Azərbaycanın mətbuat həyatında yeni dövrün başlanğıcı qoyuldu.

Ulu Öndər Heydər Əliyev mətbuatın inkişafına böyük diqqət və qayğı ilə yanaşırdı. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdü. Media sahəsində aparılan institusional təşəbbüslər milli mətbuatın davamlı, müasir və inteqrasiyalı inkişafına səbəb olmuşdur. Bu gün də, müasirləri Ulu Öndəri jurnalistlərin Dostu kimi böyük hörmətlə xatırlayır, onu milli mətbuatımızın təəssübkeşi və qayğıkeşi kimi anırlar”, - deyə S.Mikayılova əlavə edib.

Deputat qeyd edib ki, azərbaycançılıq məfkurəsinin yaradılması Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin mühüm komponenti idi.

“Belə ki, məhz dahi liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmış oldu.

Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları öz ətrafında birləşdirən milli məfkurəyə çevrildi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrildi.

99-cu ildönümündə Ulu Öndər Heydər Əliyevi dərin ehiramla yad edərək qürurla söyləyirik ki, dahi liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığımız Zəfər və yeni reallıqlarda Azərbaycanın dünyanın siyasi xəritəsində sahibləndiyi nüfuz sayəsində azərbaycanlı olmaq həqiqətən bir fəxarətdir!

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu.

Bu gün Şuşada qürurla dalğalanan milli bayrağımız bu uğurlu strategiyanın məntiqi nəticəsidir”, - deyə deputat bildirib.