Türkiyə artıq qlobal gücə çevrilib - Çavuşoğlu

Türkiyə artıq qlobal gücə çevrilib - Çavuşoğlu

Bakı. TurkicWorld:

Yanğın ətrafımızdadırsa, onu söndürmək hamıdan əvvəl bizim borcumuzdur. Çünki biz Türkiyə olaraq təkcə regional güc deyilik. Türkiyə artıq qlobal gücə çevrilib.

TurkicWorld Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Sinop şəhərində iftar sonrası ictimayyət nümayəndələri ilə görüşən nazir dünyada nizamının dəyişməli olduğunu bəyan edib.

"Başda Birləşmiş Millətlər Təşkilatı (BMT) olmaqla qurulan sistemlər müharibələrin qarşısını ala bilmir. Başlanmış müharibələri dayandıra bilmir. İnsanların gözləntilərinə çarə tapa bilmir", - M.Çavuşoğlu vurğulayıb.

Onun sözlərinə görə, hətta pandemiya zamanı BMT Təhlükəsizlik Şurası yalnız 3 ay sonra qərar verdi: "Hər kəsi maraqlandıran və heç kimin fərqli düşünmədiyi bir mövzu olsa belə".

Nazir, həmçinin Ukraynadakı vəziyyətlə bağlı rəsmi Ankaranın rolunu qeyd edib.

"Ukraynadakı müharibəni ən qısa zamanda bitirmək üçün səy göstəririk. Niyə Rusiya və Ukrayna liderləri, hər iki ölkə yalnız Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyini qəbul edir? Çünki biz prinsipial davranırıq. Çünki biz hamı ilə münasibətlərimizi ən yaxşı şəkildə həyata keçirmək istəyirik. Biz balanslı və ədalətli şəkildə hərəkət edirik, həqiqəti deyirik", - Mövlud Çavuşoğlu əlavə edib.