Paşinyan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtinasını etiraf edib

Paşinyan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtinasını etiraf edib

Bakı. TurkicWorld:

Azərbaycanın sülh sazişinin əsas prinsipləri ilə bağlı təkliflərində Ermənistan üçün qəbuledilməz heç bir şey yoxdur.

TurkicWorld-un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, martın 10-da ATƏT Minsk Qrupunun həmsədr ölkələrindən biri Ermənistana Azərbaycanın sülh sazişinin əsas prinsipləri ilə bağlı təkliflərini təqdim edib.

"Bu prinsiplər aşağıdakılardır: suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq səviyyədə qəbul edilən sərhədlərin tanınması və hörmət göstərilməsi; bir-birinə qarşı ərazi iddialarının olmamasının və gələcəkdə bir-birinə qaşrı oxşar iddiaların irəli sürülməməsi üzrə öhdəliklərin təsdiqi; sərhədlərin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və digər əlaqələrin açılması, qarşılıqlı maraq kəsb edən sahələrdə yeni kommunikasiyaların yaradılması.

Biz bu təklifləri müzakirə etdik və qəbul etdik ki, burada Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. Özü də Ermənistan 1992-ci ildə MDB-nin yaradılması barədə sazişi ratifikasiya etməklə hələ 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyünü sərhədlərinin toxunulmazlığını tanıyıb, və bu tanıma bu gün də bizim dövlətdaxili qanunvericiliyimizin bir hissəsidir", - deyə N.Paşinyan bildirib.