Trend BİA ilə Özbəkistanın UzA İnformasiya Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb (FOTO/VİDEO)

Trend BİA ilə Özbəkistanın UzA İnformasiya Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb (FOTO/VİDEO)

Bakı. TurkicWorld:

Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) ilə Özbəkistanın nüfuzlu media qurumlarından biri olan UzA Milli İnformasiya Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu Trend BİA-nın baş direktor müavini Rufiz Hafizoğlu və UzA Milli İnformasiya Agentliyinin baş direktorunun 1-ci müavini Sobir Şükürov imzalayıb.

Sənədə əsasən UzA Milli İnformasiya Agentliyi və Trend BİA qarşılıqlı xəbər mübadiləsi aparacaqlar.

İmzalanma mərasimində çıxış edən Milli Məclisin deputatı Sevil Mikayılova Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın məhz Azərbaycan mediasının inkişafına yönəlik səyləri nəticəsində bu gün Azərbaycan mediasının sözün əsl mənasında çox böyük bir inkişaf mərhələsinə daxil olduğunu vurğulayıb.

Mərasimdə çıxış edən Trend BİA-nın baş direktor müavini Rufiz Hafizoğlu və UzA Milli İnformasiya Agentliyinin baş direktorunun 1-ci müavini Sobir Şükürov da sənədin Azərbaycan və Özbəkistan arasında media əlaqələrinin daha da inkişaf etməsinə töhfə verəcəyini bildiriblər.

Media agentlikləri arasında yaranan bu əməkdaşlıq Özbəkistan və Azərbaycan həqiqətlərinin həm iki ölkədə, həm də dünyada bir çox dillərdə yayılmasına imkan yaradacaq. Özbəkistanın Milli İnformasiya Agentliyi 10 dildə fəaliyyət göstərir. Agentlik ictimai-siyasi, iqtisadi, mədəni sahələri əhatə edən xəbərləri həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş oxucu auditoriyasına çatdırır.

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Azərbaycanda peşəkar və müstəqil medianın inkişafına dəstək verir, ölkədə jurnalistikaya daim diqqət və qayğı ilə yanaşır. Bunun nəticəsidir ki, bu gün Azərbaycan mediası yeni inkişaf mərhələsindədir.

Azərbaycan mətbuatı ölkənin haqq səsinin dünyaya çatdırılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışır. Trend BİA ilə UzA İA arasında əməkdaşlıq Azərbaycan və Özbəkistanda müstəqil medianın, peşəkar jurnalistikanın inkişafına öz dəstəyini verəcək.