Rusiya XİN Türkmənçay müqaviləsi ilə bağlı mətnə düzəliş edib (FOTO)

Rusiya XİN Türkmənçay müqaviləsi ilə bağlı mətnə düzəliş edib (FOTO)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) bir neçə gün əvvəl rəsmi sosial şəbəkə hesabında yerləşdirdiyi 1828-ci il tarixli "Türkmənçay" müqaviləsinin təhrif olunmuş mətnində düzəliş edib.

TurkicWorld bu barədə nazirliyin "Facebook" səhifəsinə istinadən məlumat verir.

Qeyd edək ki, ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yaymışdı.

Bəyanatda deyilir: "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur. Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır. Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik".