Baş Prokuror Aİ-nin Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Baş Prokuror Aİ-nin Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Fevralın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko ilə görüşüb.

Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi sahədə aparılan genişmiqyaslı islahatlardan söhbət açaraq, prokurorluğun korrupsiyaya qarşı mübarizə, dövlət ittihamının müdafiəsi, cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası və qurumun cinayət təqibindən kənar fəaliyyəti barədə məlumat verdi.

Kamran Əliyev Avropa Komissiyasının Tvininq və TAİEX alətləri çərçivəsində aktual hüquqi mövzulara həsr olunmuş çoxsaylı tədbirlərin həyata keçirildiyini qeyd etdi. Cari ildə başlayacaq Tvininq layihəsi çərçivəsində Azərbaycan Prokurorluğunun Litvanın hüquq mühafizə orqanları ilə cinayət aktivlərinin bərpası sahəsində birgə fəaliyyəti əməkdaşlığımızın bariz nümunəsi kimi qiymətləndirildi.

Prokurorluqda beynəlxalq əməkdaşlıq sahəsinə xüsusi önəm verildiyini qeyd edən Baş prokuror, Avropa İttifaqı üzv ölkələrinin hüquq mühafizə orqanları ilə əlaqələrin genişlənməsi istiqamətində atılan addımlar barədə səfirə məlumat verdi.

Səmimi qəbula görə təşəkkürünü bildirən Peter Mixalko Avropa İttifaqı tərəfindən Azərbaycanla əlaqələrə böyük önəm verildiyini və münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğuladı.

Yekunda maraq kəsb edən digər məsələlər, o cümlədən Avropa İttifaqının Prokurorluğu (EPPO) və Dələduzluqla mübarizə Ofisi (OLAF) ilə əməkdaşlıq perspektivləri müzakirə edildi.