Reallıq odur ki, artıq ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur - Rufiz Hafizoğlu

Reallıq odur ki, artıq ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur - Rufiz Hafizoğlu

Reallıq odur ki, artıq ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur. Biz onsuz da 30 il ərzində bu qrup tərəfindən hər hansı bir ciddi addım atılmadığını gördük. Nəticədə Azərbaycan torpaqlarını öz gücü ilə işğaldan azad etdi. Azərbaycan son 100 ildə yeganə türk və müsəlman dövlətidir ki, işğal olunmuş ərazilərini geri qaytara bildi.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişində çıxışı zamanı Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına mane olan müxtəlif amillər var. Bunlardan biri Ermənistan rəhbərliyinin buna hazır olmamasıdır.

“Ermənistan rəhbərliyi vaxt qazanmaq istəyir ki, Azərbaycandan maksimum güzəşt əldə etsin. Digər bir tərəfdən, dünya erməniçiliyinin havadarları var. Bu, Qərbdədir, Amerikadadır, eyni zamanda, təəssüflər olsun ki, bir sıra ərəb ölkələrində - istər Livanda, istərsə də Misirdə çox güclü Ermənistan lobbisi var. Erməni lobbiçiliyinə və terrorizminə birbaşa töhfə verən qüvvələr var idi. Revanşizm dediyim zaman, əslində, xaricdən idarə edilən qüvvələri nəzərdə tuturam. Ermənistan, sadəcə olaraq, dövlət statusunu itirmməyib, eyni zamanda, beynəlxalq terrorizmə meydan olub. Bəlkə də sadə erməni xalqı müharibədən, iqtisadi böhranlardan bezib, amma Ermənistan hakimiyyətinin siyasi iradəsi öz əlində deyil”, - deyə o bildirib.

R.Hafizoğlu, həmçinin Ermənistan himayədarlarının nə zamansa öz siyasi dəsti-xətlərini dəyişəcəklərini düşünmədiyini qeyd edib.

"Ermənistana bu cəsarəti verən onun cəzalandırılmamasıdır. Ermənilərin davamlı olaraq türklərə qarşı antipatiyası, türkofobiyası olub”, - deyə o vurğulayıb.