Prezident İlham Əliyev: "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək

Prezident İlham Əliyev: "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək

"Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Gülüstan sarayında Azərbaycanda inşa ediləcək yeni külək elektrik stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu, çox gözəl hadisədir. Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır".