Azərbaycanın AQEM-də sədrliyindən əsas gözlənti sülh və əməkdaşlığa imkan yaratmaqdır - Kayrat Sarıbay

Azərbaycanın AQEM-də sədrliyindən əsas gözlənti sülh və əməkdaşlığa imkan yaratmaqdır - Kayrat Sarıbay

Bakı. TurkicWorld:

Azərbaycanın sədrliyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) əsas vəzifələrinə mühüm töhfə verəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində AQEM-in baş katibi Kayrat Sarıbay deyib.

"Azərbaycanın AQEM-də sədrliyindən əsas gözlənti sülh, dialoq və əməkdaşlığa imkan yaratmaqdır. Bu, beynəlxalq təşkilatımızın əsas istiqaməti və vəzifələridir. Bu səbəbdən düşünürəm ki, Azərbaycanın sədrliyi bəşər cəmiyyətinin bu əsas təməllərinə öz mühüm töhfəsini verəcək", - o deyib.

Onun sözlərinə görə, Azərbaycan BMT-dən başlayaraq Qoşulmama Hərəkatına qədər bir çox regional və beynəlxalq strukturlarda sədr qismində mühüm təcrübəyə malikdir, belə ki, ölkə bu yaxında Qoşulmama Hərəkatına sədrlik etməklə hərəkata mühüm institusional töhfə verib.

"Düşünürəm ki, Azərbaycanın sədrliyi illərində bizi maraqlı günlər gözləyir. Siz iki mühüm tədbiri qeyd etdiniz. 2024-cü ildə Xarici İşlər Nazirləri Şurasının keçiriləcəyini gözləyirik. İlkin təsəvvür və razılaşmamız olduğundan, Azərbaycan hökuməti qlobal ictimaiyyətin ekoloji gündəminin müzakirəsi üçün bütün dünyanın Bakıya axın edəcəyi qlobal COP tədbirini (COP29) bu il AQEM çərçivəsində əsas tədbir olan Xarici İşlər Nazirləri Şurası ilə birləşdirərək, sinerji yaratmaq istəyir. Zənnimcə, bu yanaşma çox uyğundur və AQEM-in mahiyyətini əks etdirir", - o deyib.

Kayrat Sarıbay AQEM-in təkcə Asiya ilə məhdudlaşmadığını bildirib.

"AQEM bütünlükdə qlobal inkişaf prosesidir. Üstəlik, Asiya getdikcə beynəlxalq siyasət və iqtisadiyyatda daha nəzərəçarpan rol oynayır. Bu səbəbdən bu ilk hadisədir. Digər mühüm hadisə 2026-cı ildə keçiriləcək sammitdir. İlkin razılaşmaya əsasən, biz Bakıda ilıq, möhtəşəm günəşli havanın olacağı 2026-cı ilin payızına fokuslanacağıq. Çünki Bakı dünyada öz mehribanlığı və günəşli havası ilə tanınır. Bu səbəbdən, düşünürəm ki, sammitə yeni maraqlı qərarlar və Azərbaycanın sədrliyi müddətində yaranacaq mühüm institutlarla iştirak edəcəyik", - o deyib.

Baş katibin sözlərinə görə, Azərbaycanın sədrliyinin prioritetləri bu ilin payızında AQEM-in Bakıda keçiriləcək XİN başçılarının Şurasında təqdim olunacaq.

"Lakin artıq ehtimal edə bilirəm ki, bəzi mövzular, misal üçün dayanıqlı qarşılıqlı asılılıq mövzusu təkcə hazırkı sədr olan Qazaxıstan üçün, Təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafı üzrə etimad tədbirlərinin kataloqunun müvafiq istiqaməti üzrə koordinator olaraq Azərbaycan üçün deyil, bütün AQEM məkanı üçün aktualdır. Bu səbəbdən bu gün qarşılıqlı əlaqə ilə bağlı bu çağırışlar göstərir ki, mümkün qədər çox alternativ kommunikasiya yollarını inkişaf etdirməli, dəmir yolu, avtomobil və hava yollarından, eləcə də, rəqəmsal və digər kommunikasiyalardan mümkün qədər çox istifadə etməliyik", - o deyib.

Kayrat Sarıbayın qeyd etdiyi kimi, Azərbaycan koordinator qismində AQEM ölkələri arasında təhlükəsiz dəhlizlərin inkişafı ilə bağlı qarşılıqlı əlaqələrin artırılması üzrə konsepsiya hazırlayıb.

"Azərbaycan istər İşgüzar Şura, istərsə də Gənclər Şurası olsun, bütünlükdə AQEM çərçivəsində müxtəlif forumlarda fəal şəkildə iştirak edir. Bu səbəbdən qarşılıqlı əlaqələrin təmin olunması baxımından çox addımlar atılır, lakin artıq dediyim kimi, bunlar kifayət deyil. Pandemiya göstərdi ki, qarşılıqlı əlaqələrimizi mümkün qədər çox və dərindən inteqrasiya etməliyik. Bu, təkcə nəqliyyat dəhlizləri deyil, həm də ərzaq, dərman vasitələri, digər hər hansı prioritet mallar üçün "yaşıl" dəhlizlərin təmin olunması üçün gömrük qanunvericiliyinin, epidemioloji xidmətlərin fəaliyyətinin, nəqliyyat şirkətlərinin harmonizasiyasıdır", - o deyib.

Baş katib AQEM-in daha ümumiləşmiş yanaşmaya malik olduğunu və konkret tranzit marşrutlarının işlənilməsi üzrə layihə fəaliyyəti ilə hələlik məşğul olmadığını qeyd edib.

"Bununla yanaşı, AQEM-ə üzv dövlətlər üçün ayrı-ayrı prioritetlər aydındır və Mərkəzi Asiya ölkələri, Azərbaycan, eləcə də, Gürcüstan və bildiyim qədərilə bu prosesə cəlb olunmaq istəyən Ertmənistanın sıx əməkdaşlığından xəbərim var və yəqin ki, bu düzgün olar, çünki regional sülhə, Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqaz vasitəsilə və İpək Yolu mənbələrinin birləşdirməklə Türkiyə və Avropaya çıxışına xidmət edəcək. Bu, bütünlükdə transkontinental qarşılıqlı əlaqələrdə yeni səs olacaq", - o deyib.

Onun sözlərinə görə, AQEM çərçivəsində ayrı-ayrı ölkələr məhz konkret dəhlizlərin inkişafı üçün qabaqçıl çərçivə şərtləri yaratmaq üçün qarşılıqlı asılılıq mövzusunu inkişaf etdirəcəklər.

"Asiyada qarşılıqlı əlaqələr öz növbəsində qlobal səviyyədə qarşılıqlı əlaqələrə imkan yaradacaq, çünki Asiya ən böyük, ən çox məskunlşmış qitə olmaqla, bu gün texnoloji tərəqqinin liderlərindən biridir. Zənnimcə, AQEM çərçivəsində konsepsiya olaraq qarşılıqlı əlaqələrin inkişafı üçün ahəngdar çərçivə şərtlərini yarada bilsək, hər bir ayrı dəhliz AQEM-in hər bir konkret üzv dövlətinə konkret fayda gətirəcək", - o deyib.