Ermənistanın aqressiv silahlanması təhdid mənbəyidir - Rəsmi Bakı

Ermənistanın aqressiv silahlanması təhdid mənbəyidir - Rəsmi Bakı

Bakı. TurkicWorld:

Azərbaycanla sərhədyanı bölgələrdə Ermənistan tərəfindən hərbi istehkamlar qurulmasının hərbi islahatlar ilə əlaqələndirilməsinə, bununla yanaşı, Ermənistan tərəfindən kütləvi silahlanma siyasətinin onların suveren hüququ olması barədə fikirlərə gəldikdə, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə aydın olmalıdır.

Bu barədə TurkicWorld-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Belə ki, Ermənistan Konstitusiyasında, habelə bir sıra qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar, revanşizm cəhdlərinin mövcudluğu ölkəmizə qarşı Ermənistandan irəli gələn təhdidlərin miqyasını nümayiş etdirir.

Bundan əlavə, Ermənistanda hərbi imkan olan zaman, bu ölkənin Azərbaycanın suveren ərazilərini 30 il ərzində işğal etdiyi nəzərə alınaraq, Ermənistana əlavə hərbi güc qazandırmaq səylərinin onların yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə şərait yaradacağı şübhə doğurmamalıdır.

Ermənistandan fərqli olaraq isə Azərbaycan tam hərbi üstünlüyü ilə suveren ərazilərini beynəlxalq hüquqa uyğun olaraq işğaldan azad etdi və Ermənistanın ərazilərinə qarşı təhdid törətmədi.

Qeyd edilən çağırışlar fonunda, müxtəlif bəhanələr gətirməklə Ermənistanın aqressiv silahlanması təhdid mənbəyidir və Ermənistana bu təhlükəli yoldan çəkinməyə çağırış edilməsi zəruridir", - deyə əlavə edilib.