...

Kamran Əliyev və İstanbul şəhərinin Baş prokuroru Füzuli və Şuşaya səfər ediblər

Siyasət Digər xəbərlər 25 Noyabr 2021 11:44
Fuzuli, Şuşa TurkicWorld Aytac Aliyeva
Kamran Əliyev və İstanbul şəhərinin Baş prokuroru Füzuli və Şuşaya səfər ediblər

Türkiyə Respublikası İstanbul şəhərinin Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfəri davam edir.

TurkicWorld xəbər verir ki, noyabrın 24-də Baş prokuror Kamran Əliyev və qonaqlar Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonuna səfər ediblər.

Səfərin iştirakçıları Ermənistanın 27 il ərzində Füzuli rayonunda törətdiyi müharibə cinayətlərinin ağır fəsadları, vəhşilik və vandalizm əməllərinin ağır izləri ilə yerində tanış olub.

Kamran Əliyev vaxtilə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə ermənilərin yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıtdıqlarını, salamat tikili saxlamadıqlarını qonaqların diqqətinə çatdırıb.

Daha sonra nümayəndə heyəti Qarabağın “hava qapısı” adlandırılan, müasir səviyyədə inşa olunmuş, ən son texniki avadanlıqla təchiz edilmiş Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olub. Qonaqlara hava limanında yaradılmış şərait barədə ətraflı məlumat verilib.

Sonra nümayəndə heyəti Azərbaycanın mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərinə səfər edib.

Baş prokuror Kamran Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Şuşanın Ermənistanın işğalından azad edildiyini vurğulayıb, qonaqlara dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, qısa zaman kəsiyində Şuşa şəhəri ərazisində bir neçə müasir otel inşa edilməklə yanaşı, tarixi, dini abidələrin bərpası istiqamətində işlər görülür. Tikintisində türk şirkətlərinin də iştirak etdiyi Zəfər yolunun strateji əhəmiyyətindən söz açan Baş prokuror Cıdır düzünün xalqımızın qürur mənbəyinə çevrildiyini qonaqların diqqətinə çatdırıb.

Türkiyəli qonaqlar Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər.

Məlumat verilib ki, işğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Lakin ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Şuşada qonaqlar Qala divarları ilə tanış olublar. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Azərbaycanın dahi şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olan qonaqlara məlumat verilib ki, kompleksin tikintisinə 1977-ci ildə başlanılıb. İnşaat işləri dörd il davam edib. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub. Burada Vaqifin Şuşadakı həyatını əks etdirən dövrə aid 80-ə yaxın eksponat da sərgilənirdi. 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal olunması nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılıb.

Sonra tarixi Şuşanın mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məscid - Yuxarı Gövhərağa məscidi ziyarət edilib. Bildirilib ki, 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminə məruz qalıb. Məsciddə bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş Xalq artisti Bülbülün ev-muzeyini ziyafət edən qonaqlara məlumat verilərkən bildirilib ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.

Ümummilli lider Heydər Əliyevin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il avqustun 31-də Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Bu il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı ev-muzeyini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən muzeydə aparılan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatıb.

Hazırda binada Bülbülün muzey ekspozisiyası qurulub. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb.

Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.

Cıdır düzündən açılan gözəl mənzərəni seyr edən qonaqlara məlumat verilib ki, bura daim Şuşa sakinlərinin, eləcə də qonaqların istirahət yeri olub. Lakin erməni işğalı nəticəsində buraya ziyarətçilərin gəlişi dayanıb.

İstanbul şəhərinin Baş prokuroru Şaban Yılmaz səfərlə bağlı təəssüratlarını bölüşərək deyib: “Bu günlər Azərbaycan xalqı üçün tarixi bir gündür. Otuz ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan dövlətinin şanlı Qələbəsi ilə son qoyuldu. Bu, tarixi Qələbədir. Azərbaycanın son 200 illik tarixində ilk dəfə müstəqil dövlətimiz mənfur, işğalçı Ermənistan və onun ordusu üzərində şanlı qələbə qazandı. Bu Qələbə Azərbaycan xalqının gələcəyi üçün elə bir əsas yaratdı ki, bu təməl üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, zənginləşəcək, dünya dövlətləri sırasında ən öndə gedəcək. Bu gün qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin işğaldan azad edilməsini bütün dünya türkləri tərəfindən təntənə ilə qeyd olunur”.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti