Türkiyə-Azərbaycan münasibətləri bütün dünya üçün nümunədir - Ceyhun Bayramov

Türkiyə-Azərbaycan münasibətləri bütün dünya üçün nümunədir - Ceyhun Bayramov

Tarixi bir qərarla Türk Şurasının adını dəyişərək Türk Dövlətləri Təşkilatı qoyduq. Bu təşkilata həm region ölkələrinin, həm də digər ölkələrin marağının artdığını görürük.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Anadolu Agentliyinə müsahibəsi zamanı bildirib.

O qeyd edib ki, bundan əlavə, təşkilata müşahidəçi üzv kimi daxil olmaq istəyən dövlətlərin sayı da artır. Bunun bir çox səbəbi var. Ən vacib və ilk səbəbi isə Türkiyənin artan nüfuzu, çox uğurlu və prinsipial xarici siyasətidir.

"Bu, dünya miqyasında mühüm bir amildir və bütün dünya bunu qəbul edir. Türk dünyasındakı ölkələrin yaxınlaşması, daha səmimi əlaqələr qurması, hətta bütün dünya dövlətləri ilə əlaqələri inkişaf etdirməsi çox vacibdir. Mən tərəddüd etmədən deyə bilərəm ki, Türkiyə-Azərbaycan münasibətləri bütün dünya, o cümlədən digər türk dövlətləri üçün nümunədir. Dünyada eyni dilə, eyni tarixə, eyni mədəniyyətə sahib çoxlu dövlətlər var. Amma Türkiyə-Azərbaycan münasibətləri səviyyəsində ikinci bir nümunə yoxdur. Biz bunu bilirdik, Azərbaycanın Vətən müharibəsində Türkiyənin dəstəyi isə bunu bir daha sübut etdi. Bu səbəbdən “Bir millət, iki dövlət” sözünün sadəcə bir ifadədən ibarət olmadığı çox aydın şəkildə anlaşıldı və bütün dünya bunu gördü və şahid oldu", - deyə C.Bayramov bildirib.

XİN rəhbəri həmçinin qeyd edib ki, Azərbaycanın qələbə əldə etməsi və Türkiyə ilə münasibətləri nəticəsində bu gün Cənubi Qafqazda yeni reallıq yaranıb.

"Bunu hər kəs qəbul edir və edəcək. Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb. 30 ildir işğal altında olan, yerlə yeksan edilən, 1 milyona yaxın vətəndaşımızın didərgin düşdüyü o torpaqların yenidən qurulması, bərpası, minalardan təmizlənməsi kimi böyük bir iş bizi gözləyir. Bir ildə bu istiqamətdə böyük işlər görülüb. Söhbət illəri əhatə edən tənzimləmələrdən deyil, aylar çəkən işlərdən gedir. Aylar sonra məcburi köçkünlərin ilk hissəsi öz torpaqlarına geri qayıdacaq. Bu mübarizədə də Türkiyə hamıdan əvvəl və ilk gündən etibarən Azərbaycanın yanında oldu. Türkiyədəki dostlarımız, tərəfdaşlarımız və iş adamları həm minaların təmizlənməsində, həm də ərazinin inkişaf etdirilməsində liderlik edirlər. Bundan başqa, Azərbaycana dost olan dövlətlər də bu işlərdə iştirak edirlər", - deyə C.Bayramov vurğulayıb.